Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın rektor əvəzi Eldar Qocayev çıxışında Heydər Əliyev siyasi irsinin tarixi əhəmiyyətindən, onun Azərbaycan dövlətçiliyinin təməlinin qoyulmasında və sonrakı quruculuğunda həlledici rolundan, beynəlxalq nüfuzundan və dünya liderləri sırasında xüsusi yerindən ətraflı söhbət açıb. Ulu öndərin təlatümlərlə dolu həyatının müxtəlif, bəzən də az danışılan məqamlarına toxunan natiq onun insani keyfiyyətlərini, şəxsiyyətinin möhtəşəmliyini, siyasi olayları neçə gediş öncədən görmək qabiliyyətini ön plana çəkib.
Akademiyanın prorektoru Qüdrət Qurbanov Heydər Əliyevin dənizçilik sahəsinə göstərdiyi diqqətdən, onun himayəsi sayəsində Azərbaycanda gəmiçilik sisteminin qorunub saxlanılmasından, nəticədə ölkəmizin dəniz dövlətinə çevrilməsində Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
2-ci kurs tələbəsi Hüseyn Camallı Ulu Öndərin gənclərə olan etibarının, onların dövlətin gələcəyi kimi dəyərləndirilməsinin məsuliyyətini vurğulayıb, gəncləri daim Heydər Əliyev irsinə, onun dəyərli tövsiyələrinə sadiq olmağa çağırıb.
Sonra Heydər Əliyevin zəngin ömür yolunun mühüm məqamlarını əks etdirən videomaterial nümayiş etdirilib. Ulu öndərin həyatının az işıq salınmış səhifələri, nadir arxiv materialları mərasim iştirakçılarında xüsusi ovqat yaradıb.
Anma mərasiminə dəvət olunmuş politoloq-jurnalist, Heydər Əliyevin prezidentliyinin müəyyən dövrü ərzində Prezidentin Mətbuat xidmətini rəhbəri olmuş Tofiq Abbasov Ulu Öndərin dövlət idarəçiliyinə yanaşmasına və milli təhlükəsizlik strategiyasının formalaşdırılmasındakı əvəzsiz roluna toxunaraq, öz xatirələrini bölüşüb, onun siyasi fəaliyyəti və danılmaz uzaqgörənliyi ilə bağlı faktları təhlil edib. T. Abbasov Heydər Əliyevin komandasında əvəzsiz təcrübə qazandığını deyərək, bütün dünya liderlərinin ona dərin hörmət və ehtiramla yanaşmasından söz açıb. O, Heydər Əliyevin müharibənin ən qızğın günlərində ön cəbhəyə gedərək əsgərlərimizə mənəvi dayaq olmasından fəxrlə danışıb.
Tədbirin sonunda qeyd olunub ki, Heydər Əliyevin “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” kəlamı onun həyat fəlsəfəsinin mahiyyətini tam ifadə edir. Bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar Ümummilli Liderin ideyalarının təcəssümüdür. Respublikada Heydər Əliyevin əsasını qoyduğu inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət ölkənin davamlı yüksəlişinin təminatçısıdır.









