İran “Sinokor” donanmasına qarşı hüquqi tədbirlər görəcək
İranın Fars Körfəzi və Boğazlar üzrə İdarəsi (PGSA) noyabrın 1-dən etibarən Hörmüz boğazından keçid qaydalarını pozmaqda ittiham etdiyi Cənubi Koreyanın “Sinokor” şirkətinə məxsus bütün gəmilərə qarşı hüquqi tədbirlər görəcəyini açıqlayıb.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
PGSA-nın bildirdiyinə görə, son üç ayda keçid qaydalarını ən çox pozan məhz “Sinokor” donanması olub. Şirkətin azı yeddi gəmisinə qarşı indiyədək müvafiq tədbirlər görülüb.
Qurumun xəbərdarlığına əsasən, qaydaları pozan gəmilər üçün gələcək keçidlərə məhdudiyyət, cərimə, saxlanılma və müsadirə kimi tədbirlər nəzərdə tutula bilər. Bununla belə, “hüquqi tədbirlərin” konkret hansı formada həyata keçiriləcəyi açıqlanmayıb.
“Lloyd’s List Intelligence” məlumatlarına görə, sentyabrda Hörmüz boğazından keçən çox böyük xam neft tankerlərinin (VLCC) 47%-i “Sinokor”un payına düşüb. Oktyabrın ilk 10 günündə isə bu göstərici 50%-i ötüb.

