Qara dənizdə nəzarətsiz sürüklənən pilotsuz gəmilər təhlükə yaradır
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi Qara dənizdə nəzarətsiz şəkildə sürüklənən və ekipajsız qalan gəmilərin naviqasiya təhlükəsizliyi üçün ciddi risk yaratdığı barədə kommersiya gəmilərinə xəbərdarlıq edib.
Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi zamanı silahlı hücumlara məruz qalan bəzi gəmilər ekipajsız qalıb və Türkiyənin ərazi sularına doğru sürüklənib. Onlardan bəziləri sahilə oturub, bəziləri isə batıb.
“Seanews.az” xəbər verir ki, son hadisələr arasında “OMSKIY 107”, “GOLDEN SAPLING” və “SVETOSLAVA” gəmilərinin iştirakı ilə baş verən insidentlər qeyd olunub. “SVETOSLAVA” sentyabrın 3-də Ordu sahillərində yedəyə alınmasına baxmayaraq batıb.
Dənizçilik Baş İdarəsi Qara dənizdə üzən gəmilərin kapitanlarını və ekipajlarını bu cür təhlükələrə qarşı maksimum diqqətli olmağa çağırıb. Ekipajsız, nəzarətsiz hərəkət edən gəmi və ya digər üzən obyekt aşkarlandıqda isə onun təxmini mövqeyinin aidiyyəti qurumlara dərhal bildirilməsi tələb olunur.

