Aralıq dənizində Rusiya bayrağı altında üzən yük gəmisinə dronlarla hücum edilib
Rusiya bayrağı altında üzən “Lady Mariia” (IMO 9220641) Ro-Ro yük gəmisinə Aralıq dənizinin mərkəzi hissəsində, Krit adası ilə Liviya arasında çoxsaylı pilotsuz uçuş aparatları ilə hücum edilib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, gəmi sentyabrın 1-də Əlcəzairin Oran limanından çıxıb və şərq istiqamətində hərəkət edib. Hücum zamanı dronların gəmiyə 10-dan çox bomba atdığı, nəticədə göyərtədə yanğın baş verdiyi və yükqaldırma avadanlıqlarının, eləcə də gəminin üst quruluşunun zədələndiyi bildirilir. Bombaların gəminin göyərtəsini deşərək aşağı hissələrə nüfuz etmədiyi qeyd olunur.
“Lady Mariia”nın əvvəllər Rusiya hərbi yüklərini, o cümlədən xaricdəki Rusiya hərbi bazaları və müttəfiq ölkələr üçün nəzərdə tutulan yükləri daşıdığı bildirilir. Gəmi müxtəlif ölkələrin sanksiyalarına məruz qalıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Məqalədə hücumun Liviyadakı siyasi qeyri-sabitlikdən istifadə edilməklə həyata keçirilə biləcəyi ehtimal olunur.


