Malayziya Malakka və Sinqapur boğazları yaxınlığında yanacaq doldurulmasını qadağan edib
Malayziya Malakka və Sinqapur boğazlarının şərq girişləri yaxınlığında yaradılmış yeni dəniz mühafizə zonasında gəmilərə yanacaq doldurulmasını qadağan edib.
“Seanews.az” xəbər verir ki, 11 sentyabr 2026-cı ildən qüvvəyə minən yeni qaydalara əsasən, həmçinin həmin ərazidə gəmilərin sürəti 12 düyünü keçməməli, uzunluğu 300 metrdən, eni isə 40 metrdən çox olan yük gəmiləri və tankerlər zonaya daxil olmamalıdır.
Ərazidə lövbər salmağa da məhdudiyyət qoyulub. Yalnız axtarış-xilasetmə əməliyyatları, gəminin zədələnməsi və çirklənmə ilə bağlı fövqəladə hallar zamanı buna icazə verilir. Yükün bir gəmidən digərinə ötürülməsi isə Malayziya hökumətinin yazılı razılığı ilə mümkündür.
Yeni qaydalar dəniz dibində işlərin aparılmasını, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsini, eləcə də tədqiqat və faydalı qazıntıların çıxarılması fəaliyyətlərini də əhatə edir. Tələbləri pozan gəmi sahibləri bir milyon Malayziya rinqqitinə (təxminən 245 min ABŞ dolları) qədər cərimələnə bilər.


