Oman ərazi sularında xarici gəmilər üçün qaydaları sərtləşdirib
Oman ərazi sularında fəaliyyət göstərən xarici bayraqlı gəmilər üçün yeni tələblər müəyyən edib. Qaydalara əsasən, belə gəmilər Oman ərazi sularında olduqları müddətdə Avtomatik Tanınma Sistemini (AIS) daim işlək vəziyyətdə saxlamalıdır.
“Seanews.az” xəbər verir ki, yeni tələblər naviqasiya, məhdudlaşdırılmış ərazilərə giriş, gəmidə silah-sursatın olması, fotoçəkiliş və Oman ərazi sularını tərk etmə qaydalarını əhatə edir.
Xarici gəmilər yalnız naviqasiya lisenziyasında icazə verilən ərazidə və fəaliyyət üzrə üzməli, Oman qanunvericiliyinə tabe olmalıdır. Lisenziyanın müddəti başa çatdıqda və ya ləğv edildikdə, gəmi 24 saat ərzində Oman ərazi sularını tərk etməlidir.
Gəmilərə qorunan və ya məhdudlaşdırılmış ərazilərə yalnız səlahiyyətli qurumların icazəsi ilə daxil olmaq, gəmidəki silah və sursat barədə əvvəlcədən məlumat vermək, dövlət və özəl obyektlərin fotoşəkillərini çəkməmək və ərazi sularını tərk etməzdən əvvəl müvafiq sertifikat almaq tələbi qoyulub.
Tələblər hərbi gəmilərə, yalnız yükləmə-boşaltma məqsədilə Oman limanlarına daxil olan xarici gəmilərə və fövqəladə vəziyyət səbəbindən ərazi sularına girən gəmilərə şamil edilmir.
Qeyd olunur ki, yeni tələblər Hörmüz boğazı və ətrafında gəmi mövqelərinin müəyyənləşdirilməsinə təsir edən GPS siqnallarının bloklanması və saxtalaşdırılması (spoofing) hallarının artdığı bir vaxtda tətbiq edilir. Qaydalara əməl edilmədikdə inzibati cərimə tətbiq oluna, naviqasiya lisenziyası dayandırıla və ya ləğv edilə bilər.


