Konteynerlərdə batareya yanğını riski ABŞ-də yeni etiketləmə qanun layihəsinə səbəb olub
ABŞ-də və beynəlxalq səviyyədə konteynerlərdə litium-ion batareyaların daşınması ilə bağlı təhlükəsizlik qaydalarının sərtləşdirilməsi istiqamətində təzyiqlər artır.
“Seanews.az” xəbər verir ki, ABŞ Konqresinin nümayəndəsi Harriet Haqeman “Batareyaların təhlükəsizliyinin nişanlanması haqqında” qanun layihəsi təqdim edib. Sənəd litium-ion batareyaları daşıyan konteyner, avtomobil və dəmir yolu vaqonlarının üzərində xüsusi xəbərdarlıq nişanlarının yerləşdirilməsini nəzərdə tutur.
Qanun layihəsinə əsasən, konteynerlərdəki nişanlar bütün tərəflərdən aydın görünməli və hüquq-mühafizə orqanları ilə fövqəladə hallar xidmətləri tərəfindən asanlıqla müəyyən edilə bilməlidir.
Bu təşəbbüs IMO-nun litium-ion batareyaların daşındığı konteynerlərdə yanğınların qarşısının alınması üçün qaydalara dəyişikliklər etməyə razılaşmasından bir neçə həftə sonra irəli sürülüb.
Dünya Dənizçilik Şurası (WSC) bildirir ki, hazırda minlərlə litium-ion batareyanın yerləşdirildiyi konteynerlər bəzi hallarda təhlükəli yük kimi bəyan edilmədən daşınır. ABŞ-dəki yeni qanun layihəsi isə bu cür yüklərin daşınması zamanı təhlükənin əvvəlcədən aydın şəkildə işarələnməsini tələb edir.
Qanun qəbul ediləcəyi təqdirdə, ABŞ-də tətbiq olunacaq yeni tələblərin beynəlxalq dənizçilik sənayesinə də təsir göstərə və IMO-nun batareyaların daşınması ilə bağlı qlobal qaydaları sürətləndirməsinə təkan verə biləcəyi bildirilir.


