Hücumdan sonra tərk edilən böyük yük gəmisi Qara dənizdə sürüklənir
Bolqarıstan hərbçiləri Ukrayna sahilləri yaxınlığında hücuma məruz qaldıqdan sonra ekipajı tərəfindən tərk edilən böyük yük gəmisinin Qara dənizdə hərəkətini izləyir.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, Almaniyaya məxsus, Liberiya bayrağı altında üzən “Emil” quru yük gəmisi avqustun 5-də Odessa sahillərindən təxminən 21 dəniz mili məsafədə Rusiyanın pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Zərbə nəticəsində gəmidə yanğın baş verib, texniki sistemlər sıradan çıxıb və ekipaj gəmini tərk edib. Buna baxmayaraq, gəmi batmayıb və külək və dəniz cərəyanlarının təsiri ilə hərəkətini davam etdirib.
175 463 ton dedveytə malik, 2012-ci ildə inşa edilmiş 292 metr uzunluğundakı gəmi oktyabrın 4-də Bolqarıstanın müstəsna iqtisadi zonasına daxil olub. Bolqarıstan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri kəşfiyyat apararaq gəmini ölkənin şimal-şərqində, Şabla burnundan təxminən 40 dəniz mili şərqdə qeydə alıblar.
Bolqarıstan Hərbi Dəniz Qüvvələri digər gəmilər üçün xəbərdarlıq yayıb və “Emil” gəmisinin hərəkətini izləməyə davam edir. Hələlik gəminin xilas edilməsi və ya yedəklənməsi ilə bağlı əməliyyat barədə məlumat yoxdur.

