Qara dənizdə Türkiyə gəmisinə hücum nəticəsində 2 azərbaycanlı dənizçi həlak olub
Ukraynadan İtaliyaya qarğıdalı daşıyan “Royad Mammadov” yük gəmisi Qara dənizdə PUA hücumuna məruz qalıb.
“Seanews.az” xəbər verir ki, insident nəticəsində 2 azərbaycanlı ekipaj üzvü həyatını itirib. Onlar gəminin kapitanı Rüstəm Həsənov və aşpaz Məhəmməd Süleymanzadədir.
Rumıniya Dənizdə İnsan Həyatının Xilasetmə Agentliyinin (ARSVOM) məlumatına görə, 6933 ton dedveyt tutumlu “Royad Mammadov” gəmisi oktyabrın 5-də saat 10:37-də kömək siqnalı göndərib. 2006-cı ildə inşa edilən və Sent-Kits və Nevis bayrağı altında üzən gəmidə Türkiyə və Azərbaycan vətəndaşlarından ibarət 13 nəfərlik heyət olub.
ARSVOM batan yük gəmisindən 11 dənizçini xilas edib, 2 ekipaj üzvünün isə meyitini sudan çıxarıb. Xilasetmə əməliyyatına ARSVOM-un gəmiləri ilə yanaşı, hərbi helikopterlər və sərhəd polisi də cəlb olunub. Yaralı olan 3 dənizçi helikopterlə təxliyə edilib.
Rumıniya rəsmiləri bildiriblər ki, hadisə ölkənin müstəsna iqtisadi zonasında, sahildən təxminən 20 mil aralıda, dənizdəki neft platformalarının yaxınlığında baş verib.
Ukrayna mənbələri isə İzmayıl limanında qarğıdalı yüklədikdən sonra İtaliyaya doğru hərəkət edən gəminin iki dronla vurulduğunu bildiriblər.


