İndoneziya raket yanacağı və SIM kartların qaçaqmalçılığında şübhəli bilinən quru yük gəmisini saxlayıb
İndoneziya Hərbi Dəniz Qüvvələri raket yanacağının hazırlanmasında istifadə olunan kimyəvi maddə və qeydiyyatsız SIM kartların qaçaqmalçılığında şübhəli bilinən quru yük gəmisini saxlayıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, noyabrın 7-də saxlanılan 5066 ton dedveytlik “Star Line” gəmisi Belavan limanına aparılıb. Hadisə barədə məlumat noyabrın 20-də Cakartada keçirilən mətbuat tədbirində rəsmən təsdiqlənib. Tədbirdə bildirilib ki, gəmi təyinat məntəqəsi kimi Banqladeşi göstərsə də, bu ölkənin müstəqil şəkildə raket istehsal etmək imkanına malik olmadığı güman edilir.
Gəmi Çinin Lyanyunqanq limanından yola düşüb, lakin icazə verilən marşrutdan kənara çıxıb və İndoneziya hakimiyyətinin radioçağırışlarına cavab verməyib. Gəmidəki 36 konteynerdən 15-də raket yanacağı və partlayıcı maddələrin hazırlanmasında istifadə olunan 405 ton natrium perxlorat (NaClO₄) aşkarlanıb. Bundan əlavə, yoxlama zamanı milyonlarla qeydiyyatsız 4G LTE SIM kartın olduğu 54 palet üzə çıxıb.
İndoneziya rəsmiləri gəminin kapitanı və heyət üzvlərinin dindirildiyini bildiriblər. Hazırda kimyəvi maddənin təyinatı, istifadə məqsədi və ixrac icazələri araşdırılır. Hadisə ilə bağlı istintaq davam edir.


