İspaniya 2027-ci ilin iyulundan gəmilərin skrubber tullantı sularının axıdılmasını qadağan edəcək
İspaniya 2027-ci il iyulun 1-dən etibarən limanlarında, daxili sularında və müəyyən edilmiş lövbər dayanacaqlarında gəmilərin işlənmiş qazların təmizlənməsi sistemlərindən (skrubberlərdən) yaranan tullantı sularının axıdılmasını qadağan edəcək.
“Seanews.az” xəbər verir ki, noyabrın 20-də dərc edilmiş Kral Fərmanına əsasən, məhdudiyyətlər bayrağından asılı olmayaraq bütün mülki gəmilərə şamil olunacaq. Qadağa açıq, qapalı və hibrid tipli skrubber sistemlərinin tullantı sularını əhatə edir.
Bu addım Şimal-Şərqi Atlantik okeanının dəniz mühitinin mühafizəsinə nəzarət edən OSPAR Komissiyasının 2025-ci il qərarına əsaslanır. Həmin qərara görə, iştirakçı ölkələr 2027-ci ilin iyulunadək açıq tipli skrubberlərin, 2029-cu ilin iyulunadək isə bütün növ skrubberlərin tullantı sularının limanlarda və daxili sularda axıdılmasını qadağan etməlidir. İspaniya bu müddəti iki il qabağa çəkərək məhdudiyyəti ölkə üzrə tətbiq etmək qərarına gəlib.
Yeni qaydalar skrubberlərdən istifadəyə qadağa qoymur. Gəmilər məhdudlaşdırılmış ərazilərə daxil olmamışdan əvvəl tullantı sularının axıdılmasını dayandırmalı, aşağı kükürdlü yanacağa keçməli və ya tullantı sularını texniki imkan daxilində gəmidə saxlamalıdırlar.
İspaniya Gəmi Sahibləri Assosiasiyası (ANAVE) qərarın tətbiq müddətinin sürətləndirilməsini və əhatə dairəsinin genişləndirilməsini tənqid edib. Assosiasiya, həmçinin qapalı tipli skrubberlərin tullantı sularının qəbulu üçün liman infrastrukturunun yetərli olub-olmaması ilə bağlı narahatlığını bildirib.
Fərman skrubberlə təchiz edilmiş gəmilər üçün əlavə məlumatvermə və yoxlama tələbləri də müəyyən edir. Belə gəmilər limana gəlməzdən ən azı 24 saat əvvəl İspaniya hakimiyyət orqanlarına istifadə etdikləri sistem barədə məlumat verməlidir. Qısa səfərlərdə isə bildiriş əvvəlki limandan çıxış zamanı təqdim edilməlidir.


