Ukrayna taxılı yüklənmiş ilk gəmi karvanı Odessa limanlarından yola düşüb
Avqustun 5-də Ukrayna taxılı yüklənmiş ilk gəmi karvanı Odessa limanlarından yola düşüb. Üç gəmi Türkiyə, Böyük Britaniya və İrlandiyaya yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna infrastruktur nazirinin müavini Mustafa Nayem teleqram səhifəsində bildirib.
O, qeyd edib ki, “Navistar”, “Rojen” və “Polarnet” adlı üç gəminin göyərtəsində 57 min ton yük var.
"Bugünkü karvan Çernomorsk limanından naviqasiyanı bərpa edib. Ümid edirik ki, BMT və Türkiyədəki tərəfdaşlarımızın təhlükəsizlik zəmanətləri işləməkdə davam edəcək və limanlarımızdan ərzaq ixracı bütün bazar iştirakçıları üçün sabit və proqnozlaşdırılabilən olacaq", - deyə Nayem bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna limanları ayda 100-dən çox gəmini idarə etmək qabiliyyətini təmin etməyi planlaşdırır.
“Taxıl dəhlizi” artıq işə başlasa da, məqsədimiz hər iki istiqamətdə limanların tam fəaliyyət göstərməsidir. Limanlarımıza daxil olmağa hazır olan gəmi sahiblərindən müraciətlər alırıq və sabah ilk zəng gözlənilir. Məqsədimiz “Odessa”, “Çernomorsk” və “Cənub” limanlarından hər ay 3 milyon ton və daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyi təmin etməkdir”, - deyə nazir müavini diqqətə çatdırıb.
Xatırladaq ki, Ukrayna ərzaq məhsulları yüklənmiş ilk gəmi avqustun 1-də Odessa limanını tərk edib. Səhəri gün axşam saatlarında İstanbula çatan “Razoni” gəmisi daha sonra Livanın Tripoli limanına doğru yoluna davam edib.