Əlverişsiz hava şəraiti Fransada saya oturmuş quru yük gəmisinin yenidən üzdürülməsini çətinləşdirir
Fransanın Atlantik okeanı sahillərində saya oturmuş “Miro G.” quru yük gəmisinin yenidən üzən vəziyyətə gətirilməsi üçün hazırlıq işləri aparılır. Lakin əlverişsiz hava şəraiti əməliyyatı çətinləşdirir. Səlahiyyətli qurumların bildirdiyinə görə, gəmini çıxarmaq üçün əlverişli qabarma-çəkilmə şəraitindən yalnız cümə axşamınadək istifadə etmək mümkündür.
“Seanews.az” xəbər verir ki, Malta bayrağı altında üzən gəmi noyabrın 19-da güclü fırtına zamanı Lit-e-Miks sahilində saya oturub. Gəmi əvvəlcə manevr etmək imkanının olmadığını bildirib və lövbər atmağa cəhd edib, lakin güclü külək onu sahilə sürükləyib.
Hadisədən sonra gəminin 18 nəfərlik heyəti təxliyə edilib. Daha sonra xilasetmə əməliyyatına cəlb olunmuş mütəxəssislər və gəmidə qalan üç heyət üzvü də helikopterlə təxliyə olunub. Gəminin çıxarılması üçün “Abeille International” və “SMIT Salvage” şirkətlərinin mütəxəssisləri, eləcə də Fransa Hərbi Dəniz Qüvvələri əməliyyata cəlb edilib.
Mütəxəssislər gəminin sabitliyini qorumaq üçün əlavə ballast qəbul etdiyini, lakin onu sahildən çıxarmağa cəhd etməzdən əvvəl ballastın boşaldılmalı olduğunu bildiriblər. Bu məqsədlə əlavə mobil generatorların helikopterlə gəmiyə çatdırılması planlaşdırılır.
Xilasetmə qrupu növbəti yüksək qabarma zamanı gəmini sahildən çıxarmağa ümid edir. Həmin vaxt suyun səviyyəsinin gəminin saya oturduğu andakından təxminən bir metr yüksək olacağı gözlənilir. Lakin əlverişli qabarma şəraiti yalnız cümə axşamınadək davam edəcək. Əməliyyat uğursuz olarsa, gəminin sahildə sökülməsi zərurəti yarana bilər.

