Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

"Respublika" qəzetində “Prezident Heydər Əliyev” gəmisi haqqında məqalə dərc olunub

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olan “Prezident Heydər Əliyev gəmisi” haqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən donanmaları vahid bir orqanizmdə birləşdirərək, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə və operativ yerinə yetirmək əzmindədir.

"Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) aid olan gəmilərdən biri Ulu Öndər Heydər Əliyevin adını daşıyır.

Tanker 2004-cü il noyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə "Yaxt klub"da təntənəli mərasimlə istifadəyə verilib. Cənab Prezident mərasim zamanı tankerin "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazıb, həmçinin gəminin heyət üzvlərinə bildirib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan tanker müstəqil dövlətimizin iqtisadi potensialının möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. "Prezident Heydər Əliyev" tankerinin ekipajına və Xəzər Dəniz Gəmiçiliyinin bütün əməkdaşlarına dövlətimizin inkişafı naminə uğurlar arzulayıram."

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biri olan "Prezident Heydər Əliyev" gəmisi 12 anbardan ibarət uzunluğu 149,9 metr, eni 17,3 metr olan tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. "Prezident Heydər Əliyev" gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar fəaliyyət göstərir.

Gəmi Xəzərdə neft və neft məhsullarının daşınmasında uğurla istismar edilir.

“Respublika”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır