Sevimli heyət üzvü — gəmi pişiyi
I hissə
İnsan gəmi ilə dənizə yol tapan kimi anladı ki, burada başqa bir məxluqa da ehtiyac var — pişiklərə. Pişikləri gəmiyə adətən gəmiricilərlə mübarizə aparmaq üçün götürürdülər. Lakin dənizçilər üçün bu ev heyvanı həm də ağır iş günündən sonra onlara evlərinin rahatlığını, istisini xatırladan doğma bir yoldaş idi.
Tarixə baxış
Pişiklərin dənizçilik tarixi uzaq keçmişə dayanır. Qədim misirlilər onları dənizdə və ya çayda üzərkən təkcə ərzağı gəmiricilərdən qorumaq üçün deyil, həm də Nil çayının bataqlıq və qamışlıq ərazilərində quş ovlamaq məqsədilə yanlarında aparırdılar. Qədim Misir divar rəsmlərində (məsələn, Fiv şəhərindəki məşhur Nebamun məqbərəsinin rəsmlərində) misirlilərin papirus qayıqlarda belə ova çıxdıqları aydın təsvir olunur.

FOTO 1. Nebamun məqbərəsinin rəsmində quş ovlayan pişiyin təsviri.
Pişiklər sıx qamışlıqda gizlənən bataqlıq quşlarını ya birbaşa tutur, ya da onları qorxudub uçuraraq ovlamağa kömək edirdilər. Zaman keçdikcə misirlilər əmin oldular ki, pişiklərin cəldliyi və təbii ovçuluq instinkti ovda itləri əvəz etməyə imkan verir. Beləliklə, pişiklər böyük səyahətlərinin təməlini məhz Nil çayının sularında qoydular.
Kimyəvi mübarizə vasitələrinin kəşfinə, habelə konservlərin yaradılmasına qədər gəmiricilərə qarşı əvəzolunmaz rol oynayan pişiklər arasında polidaktiliyalı (bir və ya bir neçə pəncəsində artıq barmağın olması) – genetik anomaliyası olan heyvanlar daha yüksək qiymətləndirilirdi. Onlar ən bacarıqlı “ovçu”, əsl “gəmi pişikləri” hesab edilirdi.
FOTO 2. Polidaktiliyalı gəmi pişiyi
“Tüklü barometrlər”
XX əsrə qədər pişiklər gəmidə həm də “canlı barometr” rolunu oynayırdılar. Pişiklərin bioloji və fizioloji xüsusiyyətlərindən irəli gələn bu keyfiyyətini hələ erkən dənizçilər kəşf etmişdi və anlamışdılar ki, bu heyvanların gəmidəki davranışlarını müşahidə etməklə havanın necə olacağını öncədən xəbər vermək mümkündür.
Bəs, pişiklər barometrə necə “çevrilirlər”? Pişiklərin daxili qulağı atmosfer təzyiqinin və rütubətin tərəddüdlərinə qarşı çox həssasdır. Bu, onların güclü külək və fırtına öncəsi verdikləri reaksiyada özünü göstərir: göyərtədə qaçır, dirəkləri və döşəməni cırmaqlayır, qulaqlarını başına bərk sıxır, quyruğunu qabardaraq yuxarı qaldırırlar. Həmçinin qasırğa başlamazdan əvvəl gəmi pişiyi uca və xırıltılı səslə mırıldamağa başlayır, gizlənmək üçün trümdə özünə künc-bucaq axtarır.
Heyvanın tez-tez asqırması, çoxlu su içməsi, pəncəsi ilə qulağının arxasını qaşıması, tüklərini uzanma istiqamətinin əksinə yalaması isə yağış və doludan xəbər verir. Məsələ burasındadır ki, pişiyin xəzi ildırım və ya fırtınadan əvvəl havada toplanan gərginliyə reaksiya verir və həmin statik yükü götürmək üçün o, tüklərini intensiv şəkildə əks istiqamətdə yalayır.
İybilmə qabiliyyətlərinin yüksək olması səbəbilə gəmi pişikləri fırtınanın yaxınlaşdığını dəniz suyunun və yosunların güclənən qoxusu ilə də duyurlar.
Dördayaqlının tələsmədən, hətta demək olar ki, tənbəl-tənbəl yuyunması və göyərtədə dincəlməsi isə dənizçilərə hava şəraitinin səfər üçün uğurlu olacağını bəyan edirdi.
Dəniz inancları
Uzun illər boyu gəmi pişiklərini müşahidə edən dənizçilərdə artıq müəyyən inanclar da yaranmışdı: əgər səfərdən az əvvəl gəmiyə sahibsiz bir pişik gələrdisə, bu yaxşı əlamət kimi yozulurdu. Lakin əgər o əksinə, gəmidən sahilə gedərdisə, dənizçilər birmənalı qəbul edirdilər ki, işlər xarabdır. Limandan yola düşməzdən əvvəl körpüdə pişiklərin dalaşması daha pis idi. Bu, mələklə iblisin artıq dənizçilərin ruhu uğrunda döyüşə başladığı demək idi.
Doğrudurmu?
Aysberqlə toqquşma nəticəsində batan və 1500 sərnişinlə heyət üzvünün həyatına son qoymuş “Titanic” gəmisinin “Cenni” adlı pişiyi ilə bağlı bir əhvalat mövcuddur.
Cenni kambuz ərazisində yaşayan pişik olub. Bəzi mənbələrə əsasən, ona köməkçi fəhlə Cim, digərlərinə görə isə irlandiyalı ocaqçı Co Malholland hamilik edirmiş. “Titanic”dən sağ çıxan dənizçilər və xilas olmuş bəzi sərnişinlər bildirirdilər ki, Cenni bu faciədən bir həftə əvvəl balalamışdı. Lakin gəmi Sauthemptondan yola düşməzdən bir neçə saat əvvəl Cenni balalarını sahilə daşımış və sonuncu balasını götürdükdən sonra özü də sahildə qalmışdı. Deyilənə görə, o bu öngörməsi ilə himayəçisinin həyatını da xilas edib. 1964-cü ildə “Belfast News-Letter” qəzetinə müsahibə verən ocaqçı Co Malholland iddia etmişdi ki, balalamaq ərəfəsində olan pişiyi Belfastdan gəmiyə o gətirib və sonradan onun bütün balalarını götürüb gəmini tərk etməsini pis əlamət sayaraq, özü də gəmidən düşüb. Digər hesabatlarda onun sadəcə rəhbərliklə mübahisə etdiyi üçün işdən qovulduğu qeyd olunur.
Köməkçi fəhləyə öyrəşmiş Cenni haqqında “Titanic”in stüardessası və tibb bacısı Vayolett Cessop da sonralar qələmə aldığı xatirələrində bu barədə (1998-ci ildə nəşr olunub) qeyd etmişdi.

FOTO 3. Vayolett Cessop
“Empress of Ireland” laynerində yaşamış “Emmi” adlı pişiklə bağlı da buna bənzər bir əhvalat var.
FOTO 4. “Empress of Ireland” layneri
1914-cü ildə Kvebekdə olarkən Emmi laynerdən qaçır. Heyət onu tapıb geri qaytarsa da, pişik balalarını da götürüb yenidən gəmini tərk edir. Ertəsi gün layner başqa bir gəmi ilə toqquşaraq batır. Bu hadisə tarixdə pişiyin özünəməxsus “xəbərdarlığı” kimi qalmışdır.
Ardı var...
Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

