Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-11,
Seanews
Heyder Eliyev

Azərbaycanın nəqliyyat xəritəsində dəniz amili güclənir

Müasir dünyada ölkələrin geoiqtisadi imkanları yalnız sahib olduqları təbii ehtiyatlarla deyil, həm də beynəlxalq nəqliyyat və logistika sistemində tutduqları mövqelə görə müəyyənləşir. Azərbaycan son illərdə əlverişli coğrafi mövqeyini genişmiqyaslı infrastruktur layihələri, nəqliyyat dəhlizləri və beynəlxalq əməkdaşlıq imkanları ilə tamamlayaraq Şərqlə Qərb arasında mühüm tranzit qovşaqlardan birinə çevrilib.

Ölkənin bu strategiyasında Xəzər dənizi xüsusi yer tutur. Xəzər hövzəsi Azərbaycan üçün təkcə enerji resurslarının daşındığı məkan deyil, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqazı, oradan isə Türkiyə və Avropanı birləşdirən mühüm nəqliyyat körpüsüdür. Bu baxımdan Azərbaycanın dəniz donanmasının imkanlarının genişləndirilməsi, liman infrastrukturunun inkişaf etdirilməsi və gəmiqayırma sənayesinə yatırımların artırılması Orta Dəhlizin perspektivləri baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanın nəqliyyat xəritəsində Xəzər dənizinin əhəmiyyəti xüsusilə Orta Dəhlizin fəaliyyətinin genişlənməsi ərərfəsində artır. Çin və Mərkəzi Asiyadan gələn yüklər Qazaxıstan və Türkmənistanın Xəzər sahilindəki limanlarına çatdırıldıqdan sonra dəniz yolu ilə Azərbaycana daşınır. Buradan isə yüklər dəmir və avtomobil yolları vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istiqamətində hərəkət edir. Beləliklə, dəniz nəqliyyatı bu marşrutun müxtəlif həlqələrini birləşdirən əsas elementlərdən birinə çevrilir.

2025-ci ildə Azərbaycanda nəqliyyat dəhlizləri üzrə dəniz yolu ilə 7,23 milyon ton yük daşınıb. Bu həcmin 93,3 faizini tranzit yüklər təşkil edib. Göstəricilər Xəzər üzərindən keçən marşrutların yalnız regional deyil, beynəlxalq yükdaşıma sistemində də əhəmiyyətli yer tutduğunu göstərir.

Bu prosesdə Azərbaycanın milli dəniz donanmasının imkanları xüsusi rol oynayır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) tarixi XIX əsrə gedib çıxır. Bu gün şirkətin fəaliyyəti yalnız Xəzərlə məhdudlaşmır. Donanmanın imkanları genişləndikcə Azərbaycanın beynəlxalq dəniz daşımalarında iştirak coğrafiyası da böyüyür.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) məlumatlarına əsasən, 2025-ci ildə şirkətin gəmiləri ilə 9 milyon tondan çox yük daşınıb. Bunun 1,4 milyon tondan çoxu Xəzər dənizindən kənarda həyata keçirilən daşımaların payına düşüb. Şirkətin ticarət donanmasına 55 gəmi, ixtisaslaşmış offshore donanmaya isə 200 gəmi daxildir.

Hazırda Xəzərdən kənarda fəaliyyət göstərən donanmada Handysize tipli iki quru yük gəmisi, bir tanker və bir Aframax tipli tanker yer alır. Bundan başqa, ASCO ilə SOCAR-ın birgə yaratdığı “SA Maritime AFEZCO” şirkəti Xəzərdən kənarda dörd Aframax tipli tanker istismar edir.

Milli donanmanın fəaliyyəti yalnız neft və neft məhsullarının daşınması ilə məhdudlaşmır. Quru yüklər, konteynerlər, avtomobillər və digər yüklərlə yanaşı, neft-qaz layihələrinin həyata keçirilməsi üçün dənizdə xidmət göstərən xüsusi təyinatlı gəmilər də bu sistemin mühüm hissəsidir.

Dəniz daşımalarının səmərəliliyini artıran əsas infrastruktur obyektlərindən biri isə Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Liman dəmir yolu, avtomobil yolları və dəniz nəqliyyatını vahid logistika zəncirində birləşdirərək Azərbaycanın multimodal nəqliyyat imkanlarını genişləndirir.

Orta Dəhlizin artan yük potensialı Azərbaycanın gəmiqayırma sənayesinin inkişafını da aktuallaşdırır. Ölkənin qarşısında duran əsas vəzifələrdən biri Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınan yüklərin daha böyük hissəsinə xidmət göstərə biləcək müasir dəniz donanmasının formalaşdırılmasıdır.

Bu məqsədlə Azərbaycanda yeni gəmilərin inşasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev ölkənin gəmiqayırma müəssisələrində hazırda 10 gəminin inşa edildiyini açıqlayıb. Yeni gəmilərin istifadəyə verilməsi həm donanmanın imkanlarını artıracaq, həm də Avropadan geri qayıdan yüklərin daşınması üçün əlavə nəqliyyat gücü yaradacaq.

Bakı Gəmiqayırma Zavodu bu istiqamətdə əsas sənaye müəssisələrindən biridir. Burada müxtəlif təyinatlı gəmilərin tikintisi, mövcud gəmilərin təmiri və texniki xidmət işləri həyata keçirilir. 2026-cı ilin iyun ayında Xəzər dənizində istifadə üçün hər biri 780 TEU tutumuna malik iki konteyner gəmisinin inşa edildiyi bildirilib. Müəssisənin sifariş portfelində ümumilikdə 17 gəmi, tikinti mərhələsində isə 11 gəmi var.

Gəmiqayırmanın inkişafı yalnız dəniz nəqliyyatının imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşımır. Bu sahə eyni zamanda metal emalı, maşınqayırma, elektronika, avtomatlaşdırma, proqram təminatı və digər sənaye istiqamətlərinin inkişafına təkan verir. Bununla yanaşı, yüksək ixtisaslı mühəndis və texniki kadrların hazırlanmasına da yeni imkanlar yaradır.

Azərbaycanın nəqliyyat strategiyasında Xəzər dənizinin rolunun artması ölkənin coğrafi mövqeyinin real iqtisadi üstünlüyə çevrilməsinin nümunəsidir. Bunun üçün yalnız dənizə çıxışın olması kifayət etmir. Müasir limanlar, güclü milli donanma, gəmiqayırma imkanları, dəmir və avtomobil yolları, logistika mərkəzləri, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri vahid sistem təşkil etməlidir.

Bu baxımdan Bakı Limanı, ASCO-nun donanması və Azərbaycanda formalaşan gəmiqayırma potensialı Orta Dəhlizin əsas dayaqları sırasında yer alır. Mərkəzi Asiyadan Avropaya uzanan yük axınının artması ilə Azərbaycanın qarşısında yeni imkanlar açılır. Xəzər isə bu prosesdə sadəcə su hövzəsi deyil, Avrasiya nəqliyyat xəritəsində getdikcə daha mühüm əhəmiyyət qazanan strateji bağlantıdır.

Nəticə etibarilə, Azərbaycanın Xəzərdə formalaşdırdığı güclü dəniz infrastrukturu ölkənin tranzit potensialını artırmaqla yanaşı, onu beynəlxalq logistika zəncirinin daha fəal iştirakçısına çevirir. Yeni gəmilərin inşası, limanların genişləndirilməsi və donanmanın coğrafiyasının böyüdülməsi isə qarşıdakı illərdə Azərbaycanın Şərqlə Qərb arasında etibarlı nəqliyyat körpüsü rolunu daha da möhkəmləndirə bilər.

MONETAR.AZ


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır