Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-08,
Seanews
Heyder Eliyev

Dənizçinin qarderobundan

Klyoş — bu, bir mühəndislikdir

Dənizçi geyiminə nəzər saldıqda əmin oluruq ki, onun hər bir elementi sərt iş mühitlərinin birində — açıq dənizdə əsrlərlə aparılan müşahidələrin, şəraitə uyğunlaşmanın və həyatda qalma mübarizəsinin nəticəsidir. Dənizçi qarderobunda yer almış daha bir geyimlə yaxından tanış olaq: bu, “klyoş” adlanan enlibalaq şalvarlardır. Çoxları belə hesab edir ki, onları qarderoba ilk gətirənlər hippilər olub. Lakin bu, belə deyil.

"Klyoş" sözü (fransızca "la cloche") dilimizə "zəng" (burada zəngin forması nəzərdə tutulur) kimi tərcümə olunur. Şalvar xarici görünüşcə zəngə bənzədiyi üçün bu adı alıb. Söz fransız mənşəli olsa da, klyoş şalvarları ilk dəfə 1810-cu ildə amerikalı dənizçilər geyiniblər. XIX əsrin ortalarında isə oxşar şalvarlar Britaniya və Fransa dənizçilərinin də istifadəsində olub. Lakin klyoşdan bəhs etməzdən əvvəl, ona qədərki dövrdə dənizçilərin hansı şalvarlardan və onların tikilişi üçün hansı materiallardan istifadə etdiklərinə nəzər salaq. Çünki bu da maraqlıdır.

Yelkənli gəmidə matrosun həyatı fasiləsiz hərəkətlə bağlı idi: kəndirləri çəkmək, vantlara  dırmaşmaq, dalğaların sürüşkənləşdirdiyi göyərtədə cəld hərəkət etmək. O dövrün dar şalvarı dənizçinin hərəkətini həm məhdudlaşdırır, həm də rütubətli şəraitdə yaşayıb-işləyən sahibinin dərisini sürtüb zədələyirdi. Beləliklə, reallıq dənizçini daha rahat geyim seçməyə məcbur edirdi. XVII–XVIII əsrlərdə müntəzəm donanmaların yarandığı dövrdə dənizçilər arasında dizdən bir az aşağıda və ya topuqda bitən enli şalvarlar yayılmağa başladı. Bu şalvarlar öz praktikliyi ilə seçilirdi: göyərtədə sərbəst hərəkət etməyə imkan verir, gəmidəki avadanlıqlara ilişmir, dor ağaclarına dırmaşmağa mane olmurdu.

 

                                                                                                                                                                            FOTO 1 və 2. Sahilə çıxmış fransız dənizçiləri (XVIII əsr).

XVIII əsrin sonlarına doğru vəziyyət dəyişdi. Matroslar kütləvi şəkildə uzun şalvar geyinən ilk şəxslərdən oldular. Həmin dövrdə hərbi gəmi kapitanları və quru qoşunları hələ də qısa kyulotlar geyinirdilər. "Kyulot" (culottes) dizdə bitən dar şalvar olub, uzun corablar və toqqalı başmaqlarla tamamlanırdı. Zabitlər və quru qoşunları kübar dəbinə uyğun olaraq bu geyimi formal olaraq saxlayırdılar. Adi matroslara isə bu geyim gəmi mühitində tamamilə yararsız idi. Onların uzun və enli şalvarlara üstünlük verməsinin əsas səbəbi bu biçimin özündə bir çox funksionallığı birləşdirməsi idi.

                                                                                                                                                                            FOTO 3. Dənizçi uzun enlibalaq şalvarda. XIX əsr.

Belə ki, matros yelkən dirəklərinə dırmaşanda, göyərtəni yuyanda və ya suda işləyəndə şalvarının balaqlarını rahatlıqla dizdən yuxarı qatlaya bilirdi. Qalan vaxtda isə xam pambıqdan, yelkən parçasından və ya qaba mahuddan tikilən uzun şalvar onun ayaqlarını taxta tilişkələrindən, habelə günəşdən və soyuq dəniz küləyindən qoruyurdu. Materialın seçimi, əlbəttə ki, mövsümdən, iqlimdən və konkret donanmadan (məsələn, Rusiya, Britaniya və ya ABŞ donanmasından) asılı idi. Quru qoşun əsgərindən fərqli olaraq matros uzun corab və ya dəri ayaqqabılardan istifadə edə bilmirdi: dənizin duzlu suyu onları çox tez sıradan çıxarırdı. Gəmidə əksərən yalınayaq işləyən matroslar üçün uzun şalvar ən universal geyim idi.

XVIII əsrin sonlarında zəhmətkeş təbəqə arasında uzun şalvarların geniş yayılması sinfi fərqin bariz təzahürünə çevrilmişdi. Böyük Fransa inqilabındakı "sans-culottes" — yəni "kyulotsuzlar" termini də buradan yaranmışdı.

XIX əsrin əvvəllərində dənizçilərin şalvarlarında "latsbant" adlanan elementdən istifadə edilməyə başlandı. Bu, ön hissədə biçilib hər iki tərəfdən düymələrlə şalvara bərkidilən bir panel idi. Rahat açılıb-bağlandığı üçün kritik hallarda, məsələn, dənizçi qəfil suya düşərkən həqiqi bir xilasetmə vasitəsinə çevrilirdi: dənizçini dərinliyə qərq edə biləcək islanmış geyimdən asanlıqla azad olmağa imkan verirdi. Həyatda sağ qalmaq üçün hər dəqiqənin öz hökmünü diktə etdiyi şəraitdə bu, əlbəttə ki, böyük əhəmiyyət kəsb edirdi. 

                                                                                                                                                                            FOTO 4. Rusiya donanmasının matrosu latsbantlı şalvarda. 1801–1855-ci illər.

Sonradan bu biçim kişilərin dəb dünyasına da daxil oldu. Hətta XIX əsrin sonlarında zadəganlar öz geyimlərində ondan istifadə etməyə başladılar. 

XIX əsrin ortalarına qədər Britaniya Kral Donanmasında sıravi matroslar üçün vahid geyim kodu yox idi, sonrakı dövrdə isə enlibalaq şalvarlar rəsmi olaraq tətbiq olunmurdu. Lakin geyimin praktiki tərəfinə daha çox üstünlük verən Amerika donanmasında klyoş sürətlə yayılmışdı.

Rusiya İmperiyasında klyoş XX əsrin əvvəllərində tətbiq olunmağa başladı. Gənc matroslar rəsmi icazəni gözləmədən şalvarın balaqlarını özləri genişləndirirdilər və buna görə çox vaxt zabitlərdən cəza alırdılar. Genişləndirməni dikt (kontrplak) vasitəsilə edirdilər: balaqları isladıb içinə dikt parçası yerləşdirir və bütün gecəni elə saxlayırdılar. Səhərə qədər balaq enlənib klyoş forması alırdı. 1917-ci il inqilabından sonra klyoş tam olaraq yeni dövrün rəmzi oldu.

                                                                                                                                                                          FOTO 5.  1917-ci il Oktyabr inqilabının şahidi – rəssam İvan Vladimirovun əsərində matrosun klyoş şalvarda təsviri.

İnqilab və vətəndaş müharibəsindən sonra SSRİ-də donanmaların bərpası başlayanda, 1924-cü ildə SSRİ Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarlığının tərkibində Hərbi Dəniz Qüvvələri İdarəsi yaradıldı. Qurum dənizçilər üçün yeni forma təsdiqlədi (bura da klyoş şalvar daxil edilməmişdi) və onun düzgün geyinilməsinə nəzarət siyasi rəhbərlərə (politruklara) həvalə edildi.

Donanmaların bərpası və yenilənməsi dövründə mühərrikli gəmilərin artması vəziyyəti dəyişdirməyə başladı. Artıq dor ağaclarına çıxmaq lazım gəlmirdi, fiziki iş azalmışdı. Dənizçilər hərbi nizamnamələrə uyğun gələn orta enlikdə düz şalvarlar geyinirdilər.

                                                                                                                                                                            FOTO 6. Keçən əsrin 20-ci illərində bosmanla matros.

Lakin İkinci Dünya müharibəsi illərində klyoş şalvar dəbi yunqalar məktəbinin müdavimləri arasında yenidən görünməyə başladı.1942-ci ildə əsası qoyulmuş Solovki yunqalar məktəbinin məzunu – tanınmış yazıçı Valentin Pikul özünün “Oğlan bantlarla” (“Мальчик с бантиками”) povestində həmin dövrdə yunqaların şalvarları necə genişləndirməsi haqqında bütöv bir texnologiyanı təsvir etmişdi.

Texnikanın inkişafı ilə klyoş dənizçilər üçün öz aktuallığını itirsə də, vaxtaşırı dəb dünyasına geri dönüşlər edir. Necə ki, XX əsrin 60-cı illərində gənclərin subkulturasında gündəmə gəlmişdi.

                                                                                                                                                                            FOTO 7. 1970-ci illərdə gündəlik dəbə daxil olmuş klyoş.

Bu gün klyoşlar yenə də dəbdədir. Kino və estrada ulduzları bu şalvarların yenidən dəbə minməsində xüsusi rol oynayırlar. 

                                                                                                                                                                            FOTO 8. Viktoriya Bekhem və Riz Uzerspun.

Beləliklə, vaxtilə dəniz mühitində həyatda qalma və funksionallığın vəhdətindən yaranmış klyoş, spesifik bir peşəyə mənsubluq rəmzi olmaqla kifayətlənməyib öz sərhədlərini aşaraq müasir dəb meydanının ayrılmaz bir hissəsinə çevrilib. O, sadəcə bir geyim deyil — dalğaları, küləyi və riski bilməyə əsaslanan bir həyat tərzinin mirasıdır. Məhz buna görə də klyoş tarixdə dənizə sinə gərən şücaətin və parça üzərində mühəndis fikrinin təcəssümü kimi qalır.

 

Sevda Abdullayeva - İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır