Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-11,
Seanews
Heyder Eliyev

Dənizçinin qarderobundan

Dünyada peşələrin sayı durmadan artır və bu, təbiidir. Çünki sənaye, iqtisadiyyat və texnologiyanın inkişafı müasir dövrün tələblərinə uyğun yeni sahələr yaradır. Hazırda rəqəmsallaşma və qlobal iqlim dəyişikliklərinin təsiri altında ən çox tələb olunan peşələr informasiya texnologiyaları, süni intellekt, tibb və yaşıl enerji sahələrində cəmləşib. 

Lakin yeni peşələrin meydana gəlməsi ilə bərabər, hələ qədim zamanlardan mövcud olan peşələr də müasir çağırışlara uyğunlaşaraq təkmilləşir. Məqsədim hansı peşənin daha nüfuzlu, daha məsuliyyətli və ya daha nadir, daha stresli olduğundan bəhs etmək deyil. Burada dünya uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Canni Rodarinin çox məşhur bir misrası yada düşür: “Hər peşənin öz ətri var, hər peşənin öz rəngi”. Bu yazıda söhbət  günəşli və küləkli havadan asılı olaraq rəngdən-rəngə düşən dənizin ətri qopmuş dənizçi geyimindən – daha doğrusu, onun ayrı-ayrı elementlərindən gedəcək.

Hər peşə sahibinin geyimi istər materialı, istərsə də biçimi ilə onun işlədiyi təbii mühitin təsiri altında formalaşır. Dənizçilərin qarderobu da əsrlərboyu dənizin duzlu suyu və rütubətli havası ilə təmasdan, fövqəladə hadisələrdə sağ qalmaq üçün çıxış yollarının  axtarışından asılı olaraq dəyişib. Dənizdəki təhlükələr dənizçiləri geyimlərinin yalnız praktiki deyil, həm də təhlükəsizlik amillərinə diqqət yetirməyə vadar edib.

ZOLAQLI ALT KÖYNƏYİ – TELNYAŞKA

Fransanın Breton bölgəsinin sakinləri qədimdən mükəmməl dənizçi və balıqçı kimi tanınırdılar. İlk olaraq zolaqlı köynək geyinməyə başlayanların məhz onlar olduğu iddia edilir. Belə köynəklər ilk növbədə praktiki əhəmiyyət daşıyırdı: dənizçi dor ağacında işləyərkən və ya gəmidən suya düşərkən dəniz və səma fonunda asanlıqla seçilirdi.

Praktiki tərəfindən savayı, hesab olunurdu ki, zolaqlı köynək sahibini dənizdəki şər qüvvələrdən – dəniz şeytanlarından və su pərilərindən qoruyur. Orta əsrlər simvolikası üzrə görkəmli mütəxəssis, tarixçi Mişel Pasturo "Şeytanın geyimi: zolaqların və zolaqlı parçanın tarixi" adlı kitabında qeyd edir ki, XII–XIII əsrlərdən başlayaraq, zolaqlı geyimlərin birbaşa şeytani hesab edildiyini göstərən zəngin sənədlər qorunub saxlanılmışdır. Zolaqlı paltarı o zaman cəmiyyətdən kənarlaşdırılmış adamlar – sirk ustaları, təlxəklər, cüzamlılar, şikəstlər, cəlladlar və digər bu kimi şəxslər geyinməli idi. Bretonlar dənizə gedərkən zolaqlı köynək geyinməklə bəlkə də özlərini rəmzi surətdə  bütün dünyəvi şeylərdən ayırır, sanki şeytanın özündən belə qorxmadıqlarını və başqa bir cildə girdiklərini bəyan edirdilər.

Bretonlardan sonra zolaqlı köynək holland dənizçiləri arasında yayılmağa başladı. Bu, bretonların fəal surətdə Niderland donanmasına xidmətə götürülməsi zamanı baş verdi. Hollandların formasını geyinmək məcburiyyətində qalan bretonlar, üzərlərində qoruyucu amulet saxlamaq arzusu ilə hərəkətlərini məhdudlaşdırmayan və açıq dənizdə onları soyuqdan qoruyan zolaqlı köynəkləri əsas formanın altından geyinməyə başladılar. Bu adət tezliklə bütün Niderland donanmasında yayıldı. Zərif toxunuşlu köynəklər "Breton köynəkləri" adı altında holland dənizçilərinin qarderobunun ayrılmaz hissəsinə çevrildi.

Fransa donanmasında zolaqlı alt köynəyi dənizçi geyiminin bir elementi kimi 1858-ci ildə imperator III Napoleonun sərəncamı ilə rəsmiləşdirildi. 

Hələ I Pyotrun dövründə Rusiya donanmasında hollandların dənizçi forması tətbiq edılsə də, zolaqlı alt köynəklər diqqətdən kənarda qalmışdı. Lakin XIX əsrin ortalarından başlayaraq uzaq səfərlərə çıxan rus dənizçiləri xarici həmkarlarının bu geyiminin rahatlığını qiymətləndirdilər. Vətənə qayıdan dənizçilər bayramlarda və sahilə çıxanda şıq görünmək üçün ondan istifadə edirdilər. Nəhayət, 1874-cü il avqustun 19-da böyük knyaz Konstantin Romanovun təklifi və imperator II Aleksandrın fərmanı ilə zolaqlı alt köynəyi (telnyaşka) rus dənizçi formasının rəsmi elementi oldu.

Maraqlıdır ki, köynəklərdə zolaqların sayı ölkələrə görə fərqlənirdi. Fransada 21 zolaq Napoleon Bonapartın qələbələrinin sayını göstərirdisə, Böyük Britaniya və Niderlandda 12 zolaq insanın 12 cüt qabırğasına işarə edirdi. Belə bir inam var idi ki, bu köynək dənizçini dəniz ruhlarının gözündə sanki artıq skeleti qalmış bir ölü kimi göstərir və beləliklə, onu qoruyur. Rusiyada zolaqların sayına məhdudiyyət qoyulmasa da, onların eni rəsmiləşdirilmişdi. Müvafiq sənədə əsasən eni 1/4 verşok (təxminən 1,1 sm) olan göy zolaq eni 1 verşok olan ağ zolaqla (təxminən 4,4 sm) növbələşirdi.  Ölçü böyüdükcə zolaqların sayı da təbii olaraq artırdı. Yalnız 1912-ci il islahatından sonra zolaqların hər biri eyni endə – 11,11 mm oldu.

Dənizçilərin ürəyini fəth edən bu geyim XX əsrdə möhtəşəm bir dəb inqilabı yaratdı. 1917-ci ildə Fransa Rivyerasında istirahət edən modelyer Koko Şanel (Coco Chanel)  yerli dənizçilərin geyimindən ilhamlanaraq özünün "Dəniz" kolleksiyasını ictimaiyyətə təqdim etdi. Zolaqlı dənizçi köynəyinin ön planda olduğu bu kolleksiya böyük rəğbətlə qarşılandı və geyim dəb dünyasında “marinyer” adı ilə məşhurlaşdı.

FOTO. Fransalı modelyer Koko Şanel

Tezliklə “marinyer” Pablo Pikasso, Jan Kokto, Marsel Marso, Jaklin Kennedi, Merilin Monro, Odri Hepbern və digər bu kimi tanınmış simaların qarderobunda özünə yer aldı.

FOTO. İspaniyalı rəssam Pablo Pikasso

Sonrakı illərdə “marinyer” “Balmain”, “Gucci” və “Givenchy” kimi məşhur dəb evlərinin kolleksiyalarında da özünü göstərdi... Zolaqlı köynəklər bu gün də dəbdədir. Klassikanın mahiyyəti budur: o, həmişə geri qayıdır.

(davamı var)

Sevda Abdullayeva - İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır