Standartlar bütün dünyanın danışdığı dildir
Bu gün oktyabrın 14-dür. Təqvimdə adi günlərdən olsa da, bu tarix dünyada qeyd olunur — Ümumdünya Standartlar Günü kimi.
Bəs, standartların mahiyyəti və zəruriliyi nədədir ki, onu beynəlxalq səviyyədə qeyd edirlər? Gəlin gündəlik həyatımızda rastlaşdığımız sadə nümunələrlə standartların mahiyyətinə varaq:
Rahatlıq
Təsəvvür edək ki, hər bir telefon istehsalçısı özünəməxsus fərqli bir adapter düzəldir. Siz işdəsiniz, telefonunuzun enerjisi bitir və adapter yanınızda deyil. Belə olan təqdirdə, əgər eyni marka deyilsə, telefonunuza enerji yükləmək üçün iş yoldaşınızın adapterindən istifadə edə bilməz, evə gedənədək gözləməli olardınız. Amma Type-C və ya USB standartı sayəsində brendindən asılı olmayaraq eyni kabel bütün cihazlara uyğun gəlir. Standartlaşdırma məhz belə çətinlikləri həll edir.
Təhlükəsizlik və keyfiyyət zəmanəti
Biz mağazadan, məsələn, uşaq oyuncağı alanda onun daxili mexanizmini və ya tərkibini yoxlamırıq. Çünki bilirik ki, bu məhsul müəyyən beynəlxalq standartlara (ISO və ya IEC) uyğundur və istehlakçıya “bu məhsul zərərsizdir” zəmanəti verir.
Vaxta və vəsaitə qənaət
“Lego”nu xatırlayırsınızmı? 10 il əvvəl alınan “Lego” detalı ilə bu gün istehsal olunan detal bir-birinə tam oturur. Bu, sənayedə nə deməkdir? Əgər hər zavod ölçüləri öz bildiyi kimi hazırlasaydı, heç bir tikinti və ya istehsal sahəsi işləyə bilməzdi. Hər dəfə sıfırdan ölçü götürmək və ya yeni detal kəsmək böyük vaxt və vəsait itkisi ilə nəticələnərdi. Standartlar olmasaydı, gəmini və ya avtomobili təmir etmək üçün bütün ehtiyat hissələrini tək bir zavoddan almaq məcburiyyətində qalardıq.
Başqa bir misal: bütün dünyada “A4” deyəndə eyni ölçüdə kağız formatı başa düşülür. Bu standart olmasaydı, printer istehsalçıları hər ölkə üçün ayrı bir cihaz düzəltməli, qovluq və rəf istehsalçıları isə min cür ölçü düşünməli olardılar.
Beləliklə, sadə dildə desək, standartlaşdırma müxtəlif insanların, cihazların, sistemlərin və xidmətlərin bir-birinə uyğunlaşdırılmasını təmin edən qlobal razılaşmadır. Qlobal inteqrasiya dövründə o, ölkələrarası ticarət və texnologiya körpüsünə çevrilir. Çünki bir ölkədə istehsal olunan ehtiyat hissəsi, layihə və ya xidmət məhz standartlaşdırma sayəsində dünyanın başqa bir nöqtəsində problemsiz qəbul edilir.
Tarixdə standartlaşmanı zəruri edən hadisələr
Tarixdə standartlaşdırmanı zəruri edən hadisələr çox olub, lakin onlardan ikisi xüsusi diqqət çəkir: birincisi vahid milli standartlaşdırmanın yaradılması, ikincisi isə dənizlə yük daşımalarında vaxt və vəsait itkisini dəfələrlə azaltmağa müvəffəq olan ixtira – standartlaşdırılmış konteynerlər.
Böyük Baltimor yanğını və yanğınsöndürmə şlanq birləşmələri (1904)
1904-cü ilin fevralında ABŞ-nin Baltimor şəhərində dəhşətli yanğın baş verdi. İki gün davam edən yanğın 1500-dən çox binanın məhvinə səbəb oldu. Fəlakətin bu qədər dağıdıcı olmasına baxmayaraq, təsəlliverici məqam insan tələfatının olmaması idi.
FOTO 1. Böyük Baltimor yanğını. 7–8 fevral 1904-cü il
Dağıntıların miqyası isə haqlı bir sual yaradırdı: niyə belə çox? Yanğının böyüklüyünə bir çox amillər təsir etsə də, onlardan biri xüsusilə acınacaqlı idi. Hadisənin ilk saatlarında Vaşinqton və Nyu-Yorkdan olan yanğınsöndürənlər acı həqiqətlə üz-üzə qaldılar: şlanq birləşmələri Baltimorun su hidrantlarına uyğun gəlmirdi. Məhz bu faciədən sonra ABŞ-də yanğınsöndürmə avadanlıqlarında vahid milliləşdirilmiş standart (National Standard Thread) tətbiq edildi.
Yük konteynerləri və onların standartlaşdırılması (XX əsrin 50-ci illəri)
Dənizçilərə yaxşı məlumdur ki, əvvəllər limanlarda yüklərin aşırılmasına nə qədər vaxt sərf olunurdu. Un çuvallarının, taxta yeşik və çəlləklərin gəmiyə doldurulub-boşaldılması hava şəraitindən, mexanizmlərin vəziyyətindən və dokerlərin bacarıqlarından asılı idi.
Lakin 1956-cı il aprelin 26-da amerikalı sahibkar Malkolm Persell Maklin 58 ədəd metal qutudan (konteynerdən) istifadə etməklə “İdeal X” gəmisi ilə ilk uğurlu konteyner daşımasını həyata keçirdi. 1958-ci il sentyabrın 30-da cənab Malkolm bu ixtirasına görə rəsmi patent alsa da, öz hüquqlarından bəşəri inkişaf naminə imtina etdi.
Standartlaşdırılmış konteynerlər sayəsində qlobal ticarət və logistika köklü surətdə dəyişdi: yüklərin aşırılması günlərdən saatlara endi, nəqliyyat xərcləri isə kəskin azaldı. Əgər əvvəllər malların yüklənməsi bir ton üçün 6 dollara başa gəlirdisə, konteynerlərin tətbiqindən sonra bu məbləğ 0,16 dollara düşdü. Bu amil müasir intermodal konteyner daşımalarını sürətlə artıraraq qlobal ticarətdə böyük sıçrayış yaratdı. Beynəlxalq Dənizçilik Şöhrət Xiyabanı isə cənab Maklini “Əsrin adamı” elan etdi.
FOTO 2. Malkolm Persell Maklin
Tarixə ekskurs: ISO-nun yaradılması
1946-cı il oktyabrın 14-də Londonda milli standartlaşdırma təşkilatlarının konfransı açıldı. 25 ölkəni təmsil edən 65 nümayəndənin fəaliyyəti nəticəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının – ISO-nun (yunan dilindəki “isos” — “bərabər” sözündən götürülüb) yaradılması haqqında qərar qəbul edildi.
FOTO 3. ISO-nun Mərkəzi Katibliyinin binası
1970-ci ildə isə ISO-nun o vaxtkı prezidenti Faruk Sunter (Türkiyə) standartlaşdırmanın dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulamaq məqsədilə 14 oktyabrı Ümumdünya Standartlar Günü kimi qeyd etməyi təklif etdi.
Beləliklə, tarixi təcrübələrdən keçmiş dünya anladı ki, standartlaşdırma funksional tələblərə və təhlükəsizlik texnikasına riayət etməklə optimal qənaətə nail olmaqdır. Bu, bütün maraqlı tərəflərin iştirakı və xeyrinə olmaqla konkret bir sahədə fəaliyyəti sistemləşdirməyə yönəlmiş qaydaların müəyyənləşdirilməsi və tətbiqidir.
Standartlaşdırma obyektləri: tərəqqi üçün stimul
Standartlaşdırma obyektləri bütün sahələrdə — elm və texnikadan başlayaraq sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, mədəniyyət və səhiyyəyə qədər mövcuddur. Beynəlxalq ticarətdə istifadə olunan, təkrar tətbiq perspektivinə malik konkret məhsullar, habelə normativlər, tələblər, metodlar, terminlər və işarələr də standartlaşdırma obyektləridir.
Bu sahələrin çeşid çoxluğu standartlaşdırmanın nə qədər vacib olduğunu bir daha sübut edir. Çünki onun nəticələri istehsalın tempinə və səviyyəsinə birbaşa təsir göstərir, elm və texnikanın tərəqqisi üçün əsas stimullardan birinə çevrilir. Çağdaş dövrümüzdə elm və texnika sürətlə inkişaf edərək praktiki təcrübənı formalaşdırır, standartlaşdırma isə məhz bu təcrübənin son nailiyyətlərinə söykənir.
Yekun
Beynəlxalq standartlaşdırma müasir dünyamızda möhkəm təməldir. Bu proses smartfonların problemsiz işləməsindən tutmuş uçuşların təhlükəsizliyinin təmin edilməsinə kimi həyatımızın hər anını əhatə edir. ISO və ya IEC (International Electrotechnical Commission — Beynəlxalq Elektrotexniki Komissiya) tərəfindən qəbul edilmiş hər bir standartın arxasında böyük bir heyətin fədakar əməyi durur. Məhz onların sayəsində vahid qaydalara əsaslanan bu sistem dünyamızı hər gün bir az da təhlükəsiz, rahat və təkmil edir.
P.S. Ümumdünya Standarlaşdırma Günü qəbul olunandan sonra onun qeyd edilməsi ilə bağlı hər il müəyyən bir mövzuda ənənəvi tədbirlər (konfranslar, sərgilər, seminarlar və s.) keçirilir. Məqalənin başlığı vaxtilə keçirilmiş belə tədbirlərdən birinin mövzusundan götürülmüşdür.
Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

