Sevimli heyət üzvü — gəmi pişiyi
II hissə
Dənizçilik salnaməsində iz qoymuş digər məşhur pişiklər
Sudabatmaz Sem
İkinci Dünya müharibəsinin, əgər belə demək mümkünsə, ən bəxtəvər pişiyi idi.

FOTO 5. Gəmi pişiyi Sem
Ehtimala görə, o, əvvəlcə Almaniya donanmasının fəxri olan “Bismarck” zirehli gəmisində “xidmət” edirdi.

FOTO 6. “Bismarck” hərbi gəmisi
Gəmi 1941-ci ilin mayında batırıldıqdan sonra britaniyalı dənizçilər onu suda taparaq “HMS Cossack” esminesinə götürürlər. Xilasedicilər pişiyə “Oskar” adı verirlər. Bəzi mənbələrdə bunun Beynəlxalq Siqnal Kodunun “adam göyərtədən yıxıldı” mənasını verən “O” bayrağına işarə olduğu izah edilir.

FOTO 7. “HMS Cossack”
Bir neçə aydan sonra həmin gəmi də torpedo zərbəsindən batır. Oskar yenə sağ qalır və bu dəfə “HMS Ark Royal” aviadaşıyıcısına keçir, lakin bu gəmi də qısa müddətdən sonra alman torpedosuna tuş gələrək sulara qərq olur.

Foto 8. Batmaqda olan “HMS Ark Royal”
Məhz bundan sonra o mətbuatda “Sudabatmaz Sem” adı ilə tanındı. Yaşadığı üç gəmi qəzasından sonra pişiyin taleyini bir daha sınamamaq qərara alındı və o, müharibənin sonunu Belfastda qarşıladı. Sudabatmaz Sem 1955-ci ildə sahildə vəfat etdi. Rəssam Corcina Şou-Beyker tərəfindən çəkilmiş rəsmi Qrinviçdəki Milli Dəniz Muzeyində saxlanılır.

FOTO 9. Sudabatmaz Semin rəsmi
Unudulmaz Saymon
“HMS Amethyst” hərbi şlyupundan olan Saymon tarixdə Böyük Britaniyanın heyvanlar üçün nəzərdə tutduğu ən yüksək hərbi mükafat — “Dickin” medalı ilə təltif edilmiş yeganə pişikdir.
Haşiyə: Bu medal təsis olunduğu 1943-cü ildən etibarən 75 dəfə təqdim edilib. 1943—1949-cu illərdə İkinci Dünya müharibəsində göstərdikləri fədakar xidmətə görə medalla ən çox poçt göyərçinləri və itlər təltif olunub.
Medal ingilis ictimai xadimi, heyvanlara yardım hərəkatının fəalı, Böyük Britaniyada ilk pulsuz Xalq veterinar ambulatoriyasının və heyvanlar üçün nəzərdə tutulmuş ali hərbi mükafatının təsisçisi Mariya Dikinin şərəfinə belə adlandırılıb.
2000-ci ildə təltifat bərpa edilib və bu gün də Londonun lord-meri tərəfindən təqdim olunur. Məsələn, 11 sentyabr 2001-ci il terror aktından sonra 3 it bu medalla təltif edilib. Onlar kor sahiblərini Ümumdünya Ticarət Mərkəzinin dağılmış binasından pilləkənlərlə təxminən 35 mərtəbə düşürərək çıxarmış iki bələdçi it — Salt və Roselle, həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak etmiş Appolodur.
2014-cü ildə isə mükafat ilk dəfə ölümündən sonra bir heyvanın xatirəsinə verilib. Birinci Dünya müharibəsində xidmət etmiş “Uorrior” ləqəbli at “Dickin” medalına layiq görülüb.

FOTO 10. Mariya Dikin medalı. Bürüncdən hazırlanmış medalın üzərində “Cəsarətə görə” və “Biz də xidmət edirik” yazıları olan dəfnə çələngi həkk olunub.
1949-cu ildə Yantszı çayındakı insident zamanı ağır qəlpə yarası alan Saymon heyətin döyüş ruhunu qaldırdığına və gəmidəki ərzağı siçovullardan qoruduğuna görə bu mükafata layiq görülüb. Onun digər təltifləri və “Dəniz xidmətinin əlaçı pişiyi” kimi fəxri adı da olub. Heyətin talismanı sayılan Saymon təkcə Britaniyada deyil, bütün dünyada tanınırdı. “HMS Amethyst”in dayandığı hər bir limanda pərəstişkarları onu sevgiylə qarşılayırdılar.
FOTO 11. “HMS Amethyst” gəmisinin heyəti öz sevimli talismanları ilə
1949-cu ilin noyabrında gəmi Plimuta çatdıqda qarşılanma xüsusilə səmimi və təntənəli keçdi. Lakin tədbirdən sonra Böyük Britaniyaya gətirilən bütün heyvanlar kimi heyətin sevimli üzvü karantinə — Sürrey qraflığındakı heyvan sığıncağına göndərildi. Orada infeksiyaya yoluxan (digər versiyaya görə keyfiyyətsiz qidadan zəhərlənib) pişiyin əvvəlki yaraları xəstəliyini daha da ağırlaşdırdı. Veterinarların və çoxsaylı pərəstişkarlarının səylərinə baxmayaraq, Saymon noyabrın 28-də vəfat etdi.
Şərqi Londonda, İlfordakı dəfn mərasimində “HMS Amethyst” heyəti ilə birlikdə yüzlərlə insan iştirak etdi.

FOTO 12. Saymonun qəbri
Amerikalı yazıçı Pol Qelliko bu hadisədən duyğulanaraq 1950-ci ildə pişiklərin həyatından bəhs edən məşhur “Cenni” povestini qələmə almışdır.
Səyahətçi Trim
İngilis kapitanı və kartoqrafı Metyu Flindersin sədaqətli dostu və yol yoldaşı olan Trim “Reliance” gəmisinin göyərtəsində anadan olmuşdu. Hələ bala ikən dənizə düşsə də, ona atılan kanatla yuxarı dırmaşmağı bacarmış və bununla da bütün heyətin hörmətini və sevgisini qazanmışdı. O, Avstraliyanı sahil boyunca dövrələmə səyahət etmiş dünyada ilk pişikdir. Kapitan Flinders Trimi ən gözəl pişik kimi təsvir edərək, onun cəsarətinə, zəkasına və fırtına zamanı göyərtədə özünü mükəmməl saxlamaq bacarığına heyran olduğunu bildirmişdi.
1803-cü ilin dekabrında Flindersin gəmisi Mavriki adasında fransızlar tərəfindən saxlanılanda Trim də onunla idi. Lakin Trim 1804-cü ildə adada izsiz-soraqsız yoxa çıxdı (Flinders onun ac qullar tərəfindən tutulub yeyildiyini ehtimal edirdi).
1996-cı ildə Trimin bürünc heykəli Sidney şəhərindəki Mitçell kitabxanasının yaxınlığında sahibinin heykəli ilə birlikdə ucaldıldı. Kitabxana kafelərindən biri də məhz onun şərəfinə adlandırılıb.

FOTO 13. Mitçell kitabxanası ərazisindəki abidə
Bundan başqa, Trimin heykəlləri Linkolnşir qraflığındakı Doninqton kəndində (Flindersin vətənindəki abidədə), eləcə də Flindersin Londonun dəmiryol vağzalındakı abidəsinində yer alıb.

FOTO 14. Flindersin vətənində qoyulmuş abidə
Bu abidənin surətləri Linkoln kafedralında, Avstraliyanın Port-Linkoln şəhərində və Adelaidadakı Flinders Universitetinin kampusunda da quraşdırılıb.

FOTO 15. Port-Linkoln şəhərində kapitan Flinderslə Trimin şərəfinə qoyulmuş abidə
Missis Çippi
Adı bala ikən qoyulmuş, lakin sonradan cinsiyyətində səhvə yol verildiyi məlum olsa da, dəyişdirilməmişdi. 1914-cü ildə Antarktida ekspedisiyasında olan “Endurance” gəmisində dülgər Harri Maknişi müşayiət etmişdi. Bu iri, zolaqlı pişik hətta ən güclü fırtınada belə kanatların üzəri ilə yerimək bacarığı ilə seçilirdi. Gəmi aysberqlərin arasında sıxılıb əziləndə heyət buzların üzərinə çıxmış, kapitan Şeklton isə gəmidəki heyvanları (Missis Çippini və itləri) şəxsən güllələmişdi. Kapitan bu hərəkətini zəif məxluqların iztirab çəkməməsi ilə əsaslandırsa da, Makniş ömrünün sonuna kimi onu bu əməlinə görə bağışlamamışdı.
Bu gün Yeni Zelandiyada Missis Çippinin bürünc heykəli Maknişin qəbri üzərindədir. O sanki sahibinin yatağında uzanıb.

FOTO 16. Missis Çippinin Henri Maknişin qəbri üstündəki abidəsi
Bir dövrün sonu
1975-ci ildə Böyük Britaniyanın Kral Hərbi Qüvvələri sərt beynəlxalq gigiyena və karantin qaydalarını əsas gətirərək okean gəmilərinin göyərtəsində pişiklərin və digər ev heyvanlarının saxlanılmasını rəsmən qadağan etdi. Bununla da dördayaqlı dənizçilərin epopeyası başa çatdı. Lakin onlar unudulmaz şöhrətləri, bəzən də faciəvi sonluqları ilə yaddaşlarda qaldılar. Çünki onlar sadəcə gəmiricilərə qarşı mübarizə vasitəsi deyil, həm də sonsuz okeanların məchul və təhlükəli yollarında insanların ən sadiq yol yoldaşları idilər.
Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi

