Dənizə sevgi, peşəyə sədaqət və kapitan şərəfi
Bəzən insanın taleyi uşaqlıq çağlarından müəyyənləşir. Kiminin yolu dağlardan, kimininki şəhərin səs-küylü küçələrindən başlayır.
Qəhrəmanımızın həyat yolu isə sulardan keçib: çaydan, dənizdən, okeanlardan.
Veteran dənizçi, Prezidentin fərdi təqaüdçüsü, “Tərəqqi” medallı, onlarla mükafat sahibi və Uzaq səfərlər kapitanı Axundov Muxtar Bəhmən oğlundan bəhs edəcəyəm. Onun çoxlarına nümunə göstərilən həyat yolu Kür çayının sahilindən başlayıb, Xəzərin sonsuz üfüqlərinədək uzanıb, dünyanın müxtəlif dəniz və okeanlarında boy verib, xatirələrə çevrilib, indilərdə isə maraqlı bir kitab kimi vərəqlənir.

Salyan şəhərində dünyaya göz açan Muxtar müəllim uşaqlıq illərini bəzən dəli-dolu, təlatümlü kimi xarakterizə olunan Kürün sahilində keçirib. Söhbətimiz zamanı saatlarla çayın axarını, onun üzərində hərəkət edən kiçik gəmiləri izlədiyini deyən ağsaqqal dənizçi, əlavə edir ki, həmin vaxtlar xəyalında özünü sərnişin deyil, gəmi kapitanı kimi görüb.
Kürün ləpələrinin ardınca düşüb və zaman keçdikcə qəlbində cücərən arzular bir-birini əvəzləyib. Yaşantıları, arzuları həyatında özünün müsbət izlərini qoyub, onun uşaqlıq arzularını gerçəkləşdirib.

Bir qədər ötənlərə qayıdaq, dənizə könül verdiyi ilk günlərə nəzər salaq. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin Gəmi sürücülüyü fakültəsinə daxil olan Muxtar Axundov 1967-ci ildə təhsilini yüksək göstəricilərlə başa vurub. Təyinatla Xəzər Gəmiçiliyinə göndərilir və gəmiçiliyin ən yüksək 5-ci qrup gəmilərində işləmək üçün uğurlu imtahan verir. Əmək fəaliyyətinə Xəzər Dəniz Gəmiçiliyində 12 000 tonluq gəmidə kapitan köməkçisi kimi başlayır.
Gələcəyin məşhur gəmi kapitanı olacaq Muxtar Axundov arzularının ardınca düşərək peşəkar dənizçi karyerasını uğurla davam etdirmək üçün 1977-ci ildə Odessa Gəmi Mühəndisləri İnstitutunu bitirir.
Muxtar müəllim dənizçilik karyerası illər keçdikcə daha böyük məsuliyyətlərlə davam etdirir. Kapitanın üçüncü köməkçisindən gəmi kapitanına, daha sonra isə Uzaq səfərlər kapitanı adına qədər yüksələn bu yol peşəkarlığın, zəhmətin və dənizə bağlılığın nəticəsi idi.
Onun dənizdəki xidmət illəri yalnız Xəzər dənizi ilə məhdudlaşmayıb. Baltik dənizindən Aralıq dənizinə, müxtəlif ölkələrin limanlarından beynəlxalq dəniz yollarına qədər uzanan səfərlər Muxtar müəllimin həyatının ayrılmaz hissəsinə çevrilib. Yunanıstandan qəbul edilən “Taşkent” gəmisinin idarə olunması, “Merkuri-2” gəmisində həyata keçirilən məsuliyyətli reyslər, müxtəlif ölkələrdə Azərbaycan dənizçisinin nüfuzunu qorumaq və təmsil etmək onun peşə fəaliyyətinin yadda qalan səhifələrindəndir.
Dənizçi həyatı yalnız dalğalarla mübarizə deyil. Bu həyat həm də müxtəlif xalqlarla dostluq, limanlarda qurulan münasibətlər, idman yarışları və birgə xatirələr deməkdir. Muxtar müəllim xüsusilə türk dənizçiləri ilə görüşləri, qarşılıqlı hörmət və qardaşlıq ruhunda keçən söhbətləri böyük məmnunluqla xatırlayır. 1999-2003-cü illərdə Türkiyədə mühüm bir vəzifəni uğurla həyata keçirir. O, Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin Türkiyə nümayəndəliyinin rəhbəri olub. 2003-2012-ci illər ərzində Gəmiçiliyin Beynəlxalq əlaqələr üzrə sədr müavini işləyən Muxtar Axundov 2012-ci ildən sədrin 1-ci müavini vəzifəsinə irəli çəkilir.

Uzun illər dənizdə çalışan kapitan qeyd etdiyimiz kimi sonralar məsul rəhbər vəzifələrdə də fəaliyyət göstərsə də, o, özünü hər zaman ilk növbədə gəmi kapitanı hesab edib, dənizdə keçən həyatından bir an belə uzaq olmayıb.
İdmana olan marağı ilə də çoxlarına nümunə olub. Gəmiçiliyin voleybol komandasına kapitanlıq edib. Onun komandası SSRİ dənizçiləri arasında keçirilən spartakiadanın qalibi olub.

57 illik dənizçilik fəaliyyəti ərzində qazandığı təcrübə ona bir həqiqəti öyrədib: dənizçi olmaq sadəcə peşə deyil, həyat tərzidir. Bu peşə insanı dözümlü, məsuliyyətli və intizamlı edir.
Kapitanın sözlərinə görə, gəmi heyəti bir yumruq kimi birləşməli, qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlər qurmalıdır.
Bu gün, iyulun 1-də 80 yaşı tamam olan uzaq səfərlər kapitanı Muxtar müəllim təqaüddə olsa da, özünü dənizdən ayrı təsəvvür etmir. Onun üçün dəniz sadəcə iş yeri deyil, ömrünün böyük hissəsini həsr etdiyi həyat məktəbidir. Kür sahilində gəmilərə baxaraq çiçəklənən uşaqlıq arzusu illər sonra böyük bir ömür dastanına çevrilib. Bu dastanın adı isə belədir: dənizə sevgi, peşəyə sədaqət və kapitan şərəfi.
Faiq Balabəyli
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
AYB-nin Həmkarlar Təşkilatının sədri,
Prezident təqaüdçüsü,
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri,
ASCO-nun gəmi kapitanı

