Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

class="newsTitle">Nəqliyyat dəhlizləri Azərbaycanın iqtisadi imkanlarını genişləndirir

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli ­coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bu, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır. Statistik göstəricilər də bu fikri təsdiqləyir. Belə ki, 2018-ci ildə Azərbaycan ərazisindən 9,3 milyon ton tranzit yük daşınıb və tranzit qeyri-neft məhsullarının həcmində 49 faiz artım qeydə alınıb.

Yeri gəlmişkən, qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti hazırda Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bu, həm də beynəlxalq əməkdaşlıq formatı yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir. Bu günlərdə mətbuata müsahibəsində Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bütün tərəflər üçün sərfəlidir. Lakin Rusiyadan Aralıq dənizindəki Mersin limanınadək daşımalar da Rusiya üçün yaxşı perspektivlər açacaq. Çünki bu ölkənin iqtisadiyyatı üçün Avropaya yükdaşımalarında marşrutların diversifikasiyası böyük maraq kəsb edir. Rusiyanın yükdaşımalarının 80 faizi Türkiyə ərazisinə dənizlə həyata keçirilir. Qalanları isə avtomobil nəqliyyatı vasitəsilə reallaşdırılır. Amma indiyədək dəmir yolu ilə yükdaşımaları olmayıb. Lakin Azərbaycanın sayəsində sentyabr ayında bu marşrutla da yüklər daşınacaq və yaxın iki il ərzində yükdaşımaların həcmini 500 min tona çatdırmaq mümkün olacaq. Azərbaycanın nəqliyyat infrastrukturu bütün maraqlı ölkələrə böyük tranzit imkanları yaradır. 

Burada bir məqamı da qeyd etmək istərdik. Avrasiyanın mərkəzində, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək yolunun vacib ölkələrindən biridir. Müasir dövrdə Azərbaycan öz tarixi ənənələrinə söykənərək, beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. 
Xatırladaq ki, ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər görüb. Bu istiqamətdə dahi öndərin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətlərinin iştirakı ilə “ТRACECA – tarixi İpək yolunun bərpası” beynəlxalq konfransı keçirilib. Məhz bu önəmli tədbirdə Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub.

Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın hərtərəfli inkişafı ilə paralel, ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində nəhəng layihələr reallaşdırılır. Azərbaycandakı 6 beynəlxalq hava limanı, Bakı yük terminalı, Ələt Ticarət Limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin nəqliyyat-tranzit sahəsində qısa müddətdə əldə etdiyi uğurlardır. 

Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və yuxarıda qeyd olunan nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir.

Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. 

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan “İpək yolu iqtisadi” kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, həm də onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu bəyan ediblər. 

Prezident İlham Əliyev bu barədə deyib: “Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir”.

Onu da vurğulayaq ki, Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla mühüm nəqliyyat mərkəzinə çevrilməklə bərabər, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığı genişləndirir. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin dərinləşdirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü də nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq layihələrinin həyata keçirilməsi çərçivəsində çox fəal əməkdaşlıq edir. Məsələn, 2018-ci ildə Şərq-Qərb marşrutu üzrə ölkəmizin ərazisindən keçməklə, ümumi çəkisi 9 milyon tondan çox olan tranzit yüklər daşınıb. Qeyri-neft məhsullarının tranzitində daha güclü artım müşahidə olunub. Bu artım 49 faizə bərabərdir. Şimal-Cənub marşrutu üzrə yüklərin tranzitinin həcmində 8 dəfə artım qeydə alınıb. 

Bu ilin birinci yarısında da ölkəmizin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Cari ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb. Şimal-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, yanvar-iyul aylarında Şimal-Qərb nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

Bu rəqəmlər bir daha göstərir ki, tranzit yolların genişlənməsi davam edir, ticarət dövriyyəsi artır, bu da son nəticədə bütövlükdə Azərbaycanın, eləcə də regionun firavanlaşmasına doğru aparır.

V.BAYRAMOV,
“Xalq qəzeti”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır