“PIL” şirkətinin LNG ilə işləyən dördüncü konteyner gəmisi “Kota Embun” adlandırılıb
Sinqapurun konteyner daşıyıcısı “Pacific International Lines” (“PIL”) Şanxaydakı gəmiqayırma zavodunda iki yanacaqlı mühərrikləri olan 14 000 TEU konteyner gəmisinin adlandırılması mərasimi keçirib.
“Seanews.az” xəbər verir ki, gəmi “Kota Embun” adlandırılıb.
Bu, seriyanın dördüncü gəmisidir. Şirkət mayeləşdirilmiş təbii qazla işləyən ilk üç konteyner gəmisindən ikisini 2024-cü ilin oktyabr və dekabr aylarında, üçüncüsünü bu ilin fevralında alıb.
Yeni konteyner gəmiləri “PIL” şirkətinin donanmasında ən böyük və LNG ilə işləyən ilk gəmilərdir. Onlar Çinin “CSSC” dövlət korporasiyasına daxil olan “Jiangnan Shipyard” tərsanəsində layihələndirilib və tikilib.
“Kota Embun”-un təkmilləşdirilməsi Uzaq Şərqlə Cənubi Amerikanın qərb sahilləri arasında səfərlərdə ildə yanacaq sərfiyyatını və emissiyaları 1% azaltmağa imkan verəcək.
Ümumilikdə, “PIL” 2022-ci ildən bəri 18 yeni konteyner gəmisi sifariş edib. Dörd 14 000 TEU gəmisinə əlavə olaraq, şirkətin daha dörd 8 000 TEU gəmisi, beş 13 000 TEU gəmisi və beş 9 000 TEU gəmisi üçün sifarişləri var.
1967-ci ildə yaradılan “Pacific International Lines” (“PIL”) Cənub-Şərqi Asiyanın ən böyük daşıyıcılarından biridir. Çin, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası və Okeaniyaya dəniz daşımalarını təmin edir. Şirkətin donanması 100-ə yaxın konteyner və çoxməqsədli gəmidən ibarətdir.