“EPS” üçün tikilən növbəti avtomobil daşıyıcısı suya salınıb
Çinin “China Merchants Jinling” tərsanəsində altıncı iki yanacaqlı minik və yük avtomobili daşıyıcısının (PCTC) suya salınması mərasimi keçirilib.
“Seanews.az” xəbər verir ki, bu barədə “Offshore Energy” portalı məlumat yayıb.
LNG daşıya bilən gəmi Sinqapurda yerləşən “Eastern Pacific Shipping” (“EPS”) şirkəti üçün inşa edilib. 2025-ci ilin iyun ayında sifarişçiyə təhvil veriləcək.
Əlavə edək ki, “EPS” şirkəti 2022-ci ildə “2 gəmi üçün 4 plus seçimi” ilə yeni avtomobil daşıyıcıları sifariş edib. Gəmilərin ümumi tutumu 7000 CEU, uzunluğu 199,9 metr, eni 38 metr və suyaoturumu 8,6 metrdir. Seriyanın ilk gəmisi “Lake Herman” sifarişçiyə 2023-cü ildə təhvil verilib.
Bütün PCTC-lər iki yanacaqlı mühərrik və 2000 kubmetr LNG saxlama çənləri ilə təchiz edilmişdir. Finlandiyanın “Wartsila” şirkəti isə gəmiləri hibrid elektrik güc qurğuları ilə təmin edəcək.
Qeyd edək ki, “Eastern Pacific Shipping” öz donanmasını genişləndirməyi planlaşdırır. Beləliklə, 2024-cü ilin noyabrında iki Çin tərsanəsi – “Fujian Mawei Shipbuilding” və “China Merchants Heavy Industry Jinling” (“CMHI”) ilə müqavilələr imzalanıb. Birincisi, hər gəmi üçün 80 milyon dollar olmaqla 5500 CEU tutumlu dörd PCTC tikəcək. Onların 2027-ci ildə sifarişçiyə çatdırılması planlaşdırılır. “CMHI Jinling” tərsanəsinə eyni məbləğə sifariş edilən daha iki avtomobil daşıyıcısı 2028-ci ildə təhvil veriləcək.