"Princess Cruises"-in yeni nəsil kruiz gəmisi Aralıq dənizində ilk kommersiya səfərinə çıxıb
"Princess Cruises" şirkətinin ən yeni kruiz gəmisi "Star Princess" Aralıq dənizindəki ilk kommersiya səfərinə başlamaq üçün Barselonadan yola düşüb.
"Seanews.az" xəbər verir ki, gəmi 11 günlük marşrut çərçivəsində "Marsel", "Cəbəllütariq", "Neapol", "Roma" və "Siciliya" kimi limanlarda dayanacaq. Bu səfər tamamlandıqdan sonra Atlantik okeanını keçərək "Fort Loderdeyl" limanına yollanacaq və oradan Karib hövzəsi üzrə kruiz marşrutlarına xidmət göstərəcək.
"Star Princess" "Princess Cruises"-in İtaliyanın gəmiqayırma şirkəti "Fincantieri"-dən 2019-cu ildə sifariş etdiyi iki gəmidən ikincisidir. Seriyanın ilk gəmisi "Sun Princess" isə 2024-cü ildə istismara verilib.
Yeni kruiz gəmisi 20 göyərtədə yerləşən geniş infrastrukturla təchiz olunub. Ümumilikdə gəmi 4.300 sərnişin qəbul edə bilir.
Bundan əlavə, "Star Princess"-də 30-dan çox bar və restoran, üç göyərtəni əhatə edən yemək zalı, teatr, kazino, spa mərkəzi və butik mağazalar fəaliyyət göstərəcək.
Gəmi ikili yanacaqla işləyən mühərriklərlə təchiz olunub və bu mühərriklər LNG (mayeləşdirilmiş təbii qaz) ilə də işləyə bilir.

