"CMA CGM" 13 000 TEU-luq yeni konteyner gəmisini təhvil alıb
Fransanın "CMA CGM" Qrupu Cənubi Koreyanın "HD Hyundai Samho" tərsanəsindən yeni konteyner gəmisini – "CMA CGM Helium"-u təhvil alıb.
"Seanews.az" xəbər verir ki, "CMA CGM Helium" metanolla işləyə bilən ikiqat yanacaq (dual-fuel) mühərriklə təchiz edilmiş 12 yeni gəmidən ibarət seriyanın növbəti gəmisidir.
Gəmi artıq "CMA CGM"-in Çini, Cənubi Koreyanı, Sinqapuru, Misiri, Livanı, Sloveniya, İtaliya, Xorvatiya, Səudiyyə Ərəbistanı və Malayziyanı birləşdirən xəttində istismara verilib.
Yeni gəmi seriyasının digər üzvləri kimi, "CMA CGM Helium" 335 metr uzunluğa, 51 metr enə, 15 metr oturuma və 13 000 TEU daşıma qabiliyyətinə malikdir.
Seriyaya daxil olan qalan gəmilər 2025–2026-cı illər ərzində "HD Hyundai Samho"-da tamamlandıqdan sonra mərhələli şəkildə "CMA CGM"-ə təhvil veriləcək.

