"HMM" 2,8 milyard dollarlıq tanker və konteyner gəmisi sifarişi verir
Cənubi Koreyanın "HMM" şirkəti ümumilikdə 4 trilyon von (təxminən 2,8 milyard dollar) dəyərində 13 min TEU tutumlu on iki konteyner gəmisi və iki VLCC tipli (xüsusi böyük neft tankeri) sifarişi rəsmiləşdirib.
"Seanews.az" xəbər verir ki, LNG ilə işləyən ikili yanacaq sisteminə malik konteyner gəmiləri "HD Hyundai Heavy" və "Hanwha Ocean" gəmiqayırma zavodlarında inşa ediləcək.
Şirkət bildirib ki, Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Avropa İttifaqının dekarbonizasiya tələblərinin sərtləşməsi fonunda LNG hazırda daha az emissiyalı yanacaqlar arasında ən əlçatan seçimlərdən biri hesab olunur.
"HMM" həmçinin konteyner daşımalarından kənar fəaliyyətlərini genişləndirmək məqsədilə adları açıqlanmayan bir tərsanədə iki VLCC tankeri də sifariş verib.
Bu il sentyabr ayından etibarən şirkət yeddi yeni avtomobildaşıyan gəmini təhvil almağa başlayıb, həmçinin dörd çoxməqsədli gəmi və iki MR tipli kimya tankeri istismara verilib. Bundan əlavə, "HMM" Braziliyanın "Vale" şirkəti ilə 430 milyard von dəyərində 10 illik quru yük daşınması müqaviləsi (COA) imzalayıb.

