Belçika gəmiçilik şirkəti on il fasilədən sonra iri quru yükdaşıyan seqmentinə geri dönüb
Belçikanın "Ebe" şirkəti Çində ilk dəfə olaraq gəmi tikintisinə dair sifariş verib və təxminən on il fasilədən sonra iri quru yükdaşıyan seqmentinə geri dönüb.
"Seanews.az" xəbər verir ki, şirkət "Qingdao Beihai Shipbuilding" tərsanəsində hər biri 210.000 ton daşıma qabiliyyətinə malik, ammonyakla işləməyə hazır iki ədəd “Newcastlemax” tipli quru yük gəmisi sifariş edib. Sazişdə əlavə olaraq bir ədəd gəmi seçimi də nəzərdə tutulub. Sifariş edilən iki gəminin 2029-cu ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır.
Şirkətdən bildirilib ki, bu gəmilər ən yüksək “ammonia-ready” sinif göstəricisinə malik olacaq və bu da "Ebe" donanmasını aşağıkarbonlu yanacaqlara keçid dövrünə hazırlayacaq.
Layihə "China Ship Design & Research Center" (CSDC) tərəfindən hazırlanıb. Hər bir gəminin uzunluğu 300 metr, eni isə 50 metr olacaq.

