Finlandiya şirkəti 34 yaşlı gəmini alıb
Finlandiyanın Mariehamn (Aland adaları) şəhərində yerləşən "Godby Shipping Ab" şirkəti eyni şəhərdə fəaliyyət göstərən "Eckerö Shipping" şirkətindən Ro-Ro gəmisinin satın alınmasını rəsmən başa çatdırıb.
"Seanews.az" xəbər verir ki, yeni alınan gəminin adı dəyişdirilməyəcək, yəni “Transporter” adı ilə fəaliyyətini davam etdirəcək.
Hazırda "Transporter" Danimarkanın "DFDS" şirkətinə taym-çarter əsasında icarəyə verilib. Gəmi 2026-cı ilin dekabr ayının sonunadək "DFDS"-ə çarter müqaviləsi ilə xidmət göstərəcək.
“Transporter” gəmisinin "Godby"-ə təhvil verilməsi ilə şirkətin donanması artıq səkkiz gəmiyə çatıb.
1991-ci ildə inşa edilmiş "Transporter" təxminən 1 250 leyn-metr yük tutumuna malikdir və kağız məhsulları, yük maşınları və ağır texnika kimi yüklərin daşınması üçün nəzərdə tutulub.

