Yaponiyada gəmi tikintisinə dair sifarişlər noyabrda 55,8 faiz artıb
Yaponiyada bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə 55,8 faiz artımla ümumi çəkisi 612 050 qross ton olan 18 gəmi üzrə sifariş qəbul edilib. Oktyabr ayında isə yeni gəmi sifarişlərinin sayı 9 ədəd olmuşdu.
"Seanews.az" xəbər verir ki, sifarişlərə 2 ədəd karqo gəmisi və 16 ədəd ümumi yükdaşıyan gəmi daxildir.
Cari ilin ilk on bir ayında Yaponiya ümumi çəkisi 7,48 milyon qross tona çatan 159 gəmi üzrə sifariş alıb. Bununla da, ölkənin sifariş portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalıb.
Digər tərəfdən, Yaponiya oktyabr ayında 708 153 qross ton çəkidə 18 gəmi ixrac etdiyi halda, noyabr ayında ümumi çəkisi 578 353 qross ton olan 13 gəmi ixrac edib.
Yanvar–noyabr dövründə isə Yaponiya illik müqayisədə tonnaj üzrə 7,4 faiz artıma nail olaraq ümumi çəkisi 7,95 milyon qross ton olan 183 gəmi ixrac edib.

