"Hapag-Lloyd" metanolla işləyən konteyner gəmiləri sifariş edib
"Hapag-Lloyd" Çinın "CIMC Raffles" gəmiqayırma zavodunda səkkiz ədəd konteyner gəmisinin inşası üçün sifariş verib.
"Seanews.az" xəbər verir ki, bu barədə "Splash24/7" nəşri məlumat yayıb.
Tutumu 4,5 min TEU olan gəmilər ənənəvi bunker yanacağı ilə yanaşı metanolla da işləyə bilən ikiyanacaqlı mühərriklərlə təchiz ediləcək. Yeni tikililərin sifarişçiyə təhvil verilməsi 2028–2029-cu illərə planlaşdırılır. Müqavilənin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür.
Bu sifariş "Hapag-Lloyd"-un metanolla işləyən gəmilər üzrə ilk layihəsidir. Şirkətin məlumatına görə, metanolun istifadəsi karbon qazı emissiyalarının illik təxminən 350 min ton azaldılmasına imkan verəcək.
Bundan əvvəl "Hapag-Lloyd" "Seaspan" şirkəti ilə beş ədəd 10 min TEU-luq konteyner gəmisinin metanol yanacağına uyğunlaşdırılması barədə razılaşma imzalayıb. Yenidənqurma işlərinin 2026–2027-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

