Dünyanın ilk yelkənli konteyner gəmisinin polad lövhəsi kəsilib
Türkiyənin aparıcı gəmiqayırma şirkətlərindən biri olan "RMK Marine" Fransanın "Windcoop" və "Zephyr & Boree" şirkətləri ilə əməkdaşlıq çərçivəsində dünyada ilk yelkənli konteyner gəmisinin inşasına başlayıb.
"Seanews.az" xəbər verir ki, "MIARAKA" adlı gəminin polad lövhəsinin kəsilməsi mərasimi İstanbulun Tuzla bölgəsində yerləşən "RMK Marine" tərsanəsində keçirilib.
Yeni layihə dəniz daşımalarında ətraf mühitə zərərin azaldılmasını hədəfləyir. Uzunluğu 91,3 metr olan gəmi üç yelkənlə təchiz ediləcək. Layihəyə görə, gəmi karbon qazı emissiyalarını adi konteyner gəmiləri ilə müqayisədə 60%-dək azaldacaq.
2 500 ton (210 TEU) yükdaşıma qabiliyyətinə malik gəmidə 10–12 nəfərlik heyət xidmət göstərəcək, həmçinin 12 sərnişin üçün yer nəzərdə tutulub. Gəminin 2027-ci ilin ikinci rübündə təhvil verilməsi planlaşdırılır.
"RMK Marine" daha əvvəl də yelkənli Ro-Ro gəmisi layihəsi ilə diqqət çəkmişdi.

