"DHT Holdings" iki "VLCC" tankerini 101,6 milyon dollara satıb
"DHT Holdings" şirkəti "DHT China" və "DHT Europe" adlı tanker gəmilərini 101,6 milyon ABŞ dollara satıb.
"Seanews.az" xəbər verir ki, alıcı şirkətin adı açıqlanmayıb.
Hər iki çox iri xam neft daşıyıcısı (VLCC) 2007-ci ildə Cənubi Koreyanın "Hyundai Heavy Industries" tərsanəsində inşa olunub və 317 794 ton dedveytə malikdir.
Şirkətin məlumatına görə, gəmilərin 2026-cı ilin birinci rübündə yeni sahibinə təhvil verilməsi gözlənilir.
DHT-nin rəsmi saytında yer alan məlumata əsasən, hər iki gəmi hazırda 2026-cı ilin birinci rübünədək qüvvədə olan vaxt çarteri (time charter) müqavilələri əsasında istismar olunur.
"DHT Holdings" bildirib ki, bu əməliyyat nəticəsində şirkət təxminən 95 milyon ABŞ dolları həcmində xalis nağd vəsait əldə edəcək. Həmçinin satışdan müvafiq olaraq 30,4 milyon və 29,7 milyon ABŞ dolları məbləğində mənfəət qeydə alınacağı gözlənilir.
Şirkət vurğulayıb ki, bu addım donanma strukturunun və kapital portfelinin davamlı şəkildə optimallaşdırılması strategiyasının tərkib hissəsidir.

