Gəmidə siqnal çoxluğu təhlükəsizlik üçün təhdid yaradır
“Lloyd’s Register” (LR) yeni araşdırma açıqlayıb. Məlum olub ki, gəmilərdə işləyən xəbərdarlıq siqnalları – avadanlıqda nasazlıq, təzyiq və ya temperatur dəyişməsi barədə verilən səs və işıq siqnalları – çox vaxt həddindən artıq olur və ekipajı çaşdırır.
“Seanews.az” xəbər verir ki, tədqiqat 11 gəmidə 2 min gündən çox müddətdə aparılıb və 40 milyon siqnal hadisəsi təhlil edilib. Nəticələr göstərib ki, bəzi kruiz gəmilərində gündə 2 600-dək siqnal qeydə alınır, bəzən isə cəmi 10 dəqiqədə 4 700-ə yaxın siqnal çalır. Bu qədər siqnal ekipajın diqqətini yayındırır və real təhlükəni görməsini çətinləşdirir.
Pilot layihə zamanı bir kruiz gəmisində mühəndislik müdaxilələri aparılıb: səhv quraşdırılmış klapanlar düzəldilib, nasaz sensorlar dəyişdirilib. Nəticədə altı ay ərzində siqnalların sayı yarıya qədər azalıb.
“Lloyd’s Register”in texnologiya üzrə rəhbəri Dunkan Daffi bildirib ki, düzgün idarə olunmayan siqnal sistemləri özləri təhlükə mənbəyinə çevrilir. Onun sözlərinə görə, əgər bu problemə ciddi yanaşılmasa, “siqnal yorğunluğu” ekipajın diqqətini zəiflətməyə və qəza riskini artırmağa davam edəcək.
Hesabatda siqnal performansının obyektiv qiymətləndirilməsi və sistem dizaynında insan amilinə daha güclü diqqət yetirilməsi tövsiyə olunur. Bu, dənizdə təhlükəsizliyin daha etibarlı şəkildə qorunmasına kömək edəcək.

