“Marlink” gəmilərin rəqəmsallaşdırılması üçün vahid İT platformasını təqdim edib
Rabitə həlləri üzrə ixtisaslaşmış “Marlink” şirkəti, gəmi İT sistemlərini sadələşdirmək və donanmaların rəqəmsallaşdırılmasını dəstəkləmək üçün yeni bulud əsaslı platformasını istifadəyə verib.
“Seanews.az” xəbər verir ki, "XChange NextGen" adlanan bu sistem pərakəndə və çox sayda aparat (hardware) tələb edən quraşdırmaları əvəz etmək üçün nəzərdə tutulub. Yeni platforma rabitə, şəbəkə idarəçiliyi, kibertehlükəsizlik və bulud tətbiqlərini vahid bir mərkəzdə birləşdirir.
Xüsusi olaraq dənizçilik sektoru üçün hazırlanan bu platforma gəmi sahiblərinə çoxsaylı xidmətləri tək bir sistem üzərindən idarə etmək imkanı verir. Bu da gəmidə əlavə avadanlıqlara olan ehtiyacı azaldır. "Marlink" qeyd edir ki, sistem tətbiqləri və virtual maşınları çevik bir strukturda işlətməyə şərait yaradır. Nəticədə xərclər azalır, donanmanın rəqəmsal imkanlarını təkmilləşdirmək isə daha da asanlaşır.
Sistem donanmanın İT komandalarına geniş seçim imkanı tanıyır: onlar xidmətləri ya tam müstəqil, ya "Marlink" ilə birgə, ya da tam idarə olunan şəkildə qura bilərlər. Bundan əlavə, platforma gəmi heyətinin internetə təhlükəsiz çıxışını təmin edir. Gəmi sahibləri heyətin rifahı üçün internet xidmətləri təqdim edərkən, eyni zamanda məlumat istifadəsi və giriş qaydalarına nəzarəti əldə saxlayırlar.

