Gəmi gövdələri üçün dünyada ilk biosidsiz və öz-özünə cilalanan örtük təqdim edilib
“Nippon Paint Marine" şirkəti dəniz ekologiyasına zərərli təsirləri azaldan və beynəlxalq ekoloji qaydalara tam uyğun gələn “AQUATERRAS 1100” örtüyünü istifadəyə verib.
“Seanews.az” xəbər verir ki, “AQUATERRAS”ın tərkibindəki “HydroPhix™” texnologiyası hidrofilik və hidrofobik strukturları birləşdirən mikro-domen quruluşuna malikdir. Bu sistem biosidlərdən (zəhərli maddələrdən) istifadə etmədən dəniz orqanizmlərinin gəmi gövdəsinə yapışmasını kəskin azaldır.
Örtük həmçinin dünyada ilk dəfə “Advanced Fouling Control” (AFC) — silikonla modifikasiya olunmuş unikal birləşdirici texnologiyasını tətbiq edir. Bu texnologiya biosidsiz şəkildə yosunlaşmanın qarşısını almaq üçün hamar və parlaq səth yaradır. Yüksək davamlılığa malik boya qatı mexaniki zədələrə qarşı da dözümlüdür.
Boyanın digər mühüm xüsusiyyəti “HydroCure™” mexanizmidir. Bu texnologiya sayəsində gəmi səthi daim təzələnir və dinamik bir təbəqə yaranır. Nəticədə dəniz canlılarının artımının qarşısı alınır, gövdənin optimal hamarlığı qorunur və hidrodinamik müqavimət (drag) azalır.
İlkin sınaqlar göstərib ki, “AQUATERRAS 1100” 14.7%-ə qədər yanacaq qənaəti təmin etməklə emissiya qaydalarına (CII/EEXI) uyğunluğu dəstəkləyir və xərcləri azaldır. O, xüsusilə konteyner gəmiləri və avtomobil daşıyıcıları (PCC) kimi orta və yüksək aktivliyə malik gəmilər üçün nəzərdə tutulub.
Məhsulun dəniz canlıları üçün tam təhlükəsiz olduğu “PML Applications” tərəfindən aparılan müstəqil sınaqlarla da təsdiq edilib.

