“Cape Falcon” gəmisini saydan çıxarmaq üçün iki cəhd uğursuz olub
Liberiya bayrağı altında üzən “Cape Falcon” yük gəmisi Avstraliyanın Qladston limanı yaxınlığında quruda qalmaqda davam edir. Gəmini çıxarmaq üçün iki cəhd göstərilsə də, hər ikisi nəticəsiz olub.
“Seanews.az” xəbər verir ki, ikinci çıxarma əməliyyatı sentyabrın 19-da qabarma zamanı keçirilib və prosesə 10 liman yedək gəmisi cəlb olunub. Buna baxmayaraq, gəmi yalnız cüzi məsafədə hərəkət etdirilə bilib. Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) gəmini saxlayıb və onun dənizçilik baxımından yararlı olub-olmadığını araşdırır.
Hadisə ilə bağlı Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) da araşdırmaya başlayıb. Mütəxəssislər gəminin heyəti ilə görüşəcək, səyahət məlumat qeydiyyatçısındakı məlumatları, gəmi izləmə, hava şəraiti, texniki xidmət və digər sənədləri araşdıracaqlar.
Xatırladaq ki, hadisə sentyabrın 18-də, gəmi yanacaq doldurmaq üçün Qladston limanına yaxınlaşarkən baş verib.
2022-ci ildə inşa edilən “Cape Falcon”un uzunluğu 292 metr, eni 45 metr, dedveyti isə 182 066 tondur.

