Çin avtomobildaşıyan gəmisində yanğın yenidən güclənib
Bir ay əvvəl mühərrik bölməsində yanğın baş verdikdən sonra ekipajı tərəfindən tərk edilən “Min Jiang Kou” avtomobildaşıyan gəmisində yenidən tüstülənmə başladığı bildirilir.
“Seanews.az” xəbər verir ki, sentyabrın 7-də gəmidə temperatur artımı qeydə alınıb. Görüntülərdə yedək gəmilərindən birinin gəmini soyutmaq üçün onun üzərinə su püskürtdüyü görünür. Gəmi hazırda Panama sahillərindən kənarda, elektrik enerjisiz və tərk edilmiş vəziyyətdədir.
Panama hakimiyyəti gəminin xilasetmə və yedəkləmə işlərini nəzarətdə saxlayır. Əməliyyata “Resolve Marine” şirkəti rəhbərlik edir. Plana əsasən, gəmi əvvəlcə sabitləşdirilməli, daha sonra Sakit okean üzərindən Asiyadakı gəmi təmiri müəssisəsinə yedəklənməlidir.
200 metr uzunluğunda olan “Min Jiang Kou” 2024-cü ildə istismara verilib və 7 500 avtomobil daşıya bilir. LNG ilə işləyən gəmi “COSCO Shipping Specialized Carriers” tərəfindən istismar olunur və Marşall adalarında qeydiyyatdadır.
Gəmidə ilkin yanğın avqustun 8-də Kosta-Rikanın təxminən 630 mil cənubunda baş verib. Yanğının qarşısının alınması mümkün olmadıqdan sonra kapitan 22 heyət üzvünə gəmini tərk etmək əmri verib. Ekipaj yaxınlıqdakı iki gəmi tərəfindən xilas edilərək Yaponiyaya aparılıb.

