“Suraxanı” gəmi-muzeyində eşitmə və nitq məhdudiyyətli şəxslər üçün xüsusi ekskursiya keçirilib
23 Sentyabr – Beynəlxalq İşarə Dilləri Günü münasibətilə ASCO-nun “Suraxanı” gəmi-muzeyində eşitmə və nitq məhdudiyyətli şəxslər üçün ödənişsiz xüsusi ekskursiya təşkil olunub.
“Səssizliyin səsi olaq” devizi ilə keçirilən tədbir “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə baş tutub. Ekskursiyaya muzeyin işarə dili üzrə tərcüməçisi Nərgiz Abdulova bələdçilik edib. O, ekspozisiya zalları ilə tanış olan ziyarətçilərə burada nümayiş etdirilən eksponatlar, gəminin tarixi və Azərbaycanın dənizçilik irsi barədə işarə dili vasitəsilə ətraflı məlumat verib.
Qonaqlar həmçinin muzeyin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını simulyasiya edib, dəniz naviqasiyası ilə bağlı təsəvvürlər əldə ediblər.
ASCO Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq dənizçilik irsinin qorunması və təbliği ilə yanaşı, cəmiyyətin müxtəlif qrupları üçün bərabər və əlçatan imkanların yaradılmasını da daim xüsusi diqqətdə saxlayır. Məhz “Suraxanı” gəmi-muzeyində həyata keçirilən bu cür təşəbbüslər muzey mühitinin daha inklüziv və əlçatan olması istiqamətində görülən işlərin tərkib hissəsidir.
Qeyd edək ki, muzeydə bir neçə ildir eşitmə və nitq məhdudiyyətli ziyarətçilərin ekspozisiya barədə məlumatları rahat əldə etmələri üçün video materiallar surdo-tərcümə ilə təqdim olunur, eyni zamanda işarə dili ilə xüsusi ekskursiyalar təşkil edilir.














