MSC-nin gəmisi Cənubi Çin dənizində ekipajsız vəziyyətdə sürüklənir
“MSC Hermes III” konteyner gəmisi 25 heyət üzvünün onu tərk etməsindən sonra Cənubi Çin dənizində ekipajsız vəziyyətdə sürüklənir.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Naviqasiya xəbərdarlığında 20 yaşlı gəminin Vyetnam sahillərindən təxminən 300 kilometr şərqdə, 11°45’ ş. e. və 112°15’ ş. u. koordinatlarında “sahibsiz gəmi” kimi sürükləndiyi bildirilir. Xəbərdarlıq sentyabrın 25-dək qüvvədə olacaq.
2 490 TEU tutumlu gəmi sentyabrın 22-də səhər saatlarında qəza siqnalı verib. Sinqapurun Dəniz və Liman Administrasiyasının məlumatına görə, hadisə yerinə üç gəmi yönəlib və “MSC Ruby” gəmini tərk edən 25 heyət üzvünü xilasetmə qayığından götürüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Gəmi qəzasının səbəbi hələ açıqlanmayıb. Yanğın baş verdiyi barədə məlumatlar olsa da, bu, rəsmi şəkildə təsdiqlənməyib. Gəminin yedəyə alınması və ya xilas edilməsi ilə bağlı da hələlik rəsmi məlumat yoxdur.
2006-cı ildə Polşada inşa olunan, 212 metr uzunluğundakı gəmi 2020-ci ildə MSC tərəfindən alınıb. Hadisə zamanı gəmi Honq-Konqdan Cakartaya doğru hərəkət edirdi.

