Tyanzin limanından Avropaya dəniz konteyner daşımaları üçün yeni marşrut açılıb
“HMM Copenhagen” super konteyner gəmisi Çinin şimalındakı Tyanzin limanına gəlib və bununla da Avropaya yeni birbaşa dəniz yolunun rəsmi açılışı qeydə alınıb.
“Seanews.az” xəbər verir ki,Koreyanın “HMM” şirkəti yükgötürmə qabiliyyəti 24 000 TEU-dan çox olan 12 iri konteyner gəmisini xəttə buraxacaq.
Birbaşa dəniz marşrutu Tyanzin limanını Avropanın ən böyük liman şəhərləri - İspaniyanın Algeciras, Belçikanın Antverpen, Niderlandın Rotterdam və Almaniyanın Hamburq şəhəri ilə birləşdirəcək.
“Avtomobil, avtomobil hissələri və mebel kimi Çin istehsalı olan mallar artıq bu marşrutla Avropaya daha tez çatdırıla bilər. Çatdırılma müddətləri demək olar ki, 15% azalır ki, bu da müştərilərin daşıma xərclərini azaldacaq”, - deyə “HMM” (China) Co., Ltd” şirkətinin İdarə Heyətinin sədri Lu Çju Hen bildirib.
Qeyd edək ki, Tyanzin Çinin şimalında böyük limandır. 2022-ci ilin sonunda 21 milyon TEU-dan çox konteyner dövriyyəsi ilə dünyada səkkizinci yeri tutub.