Yeni Zelandiya hakimiyyəti dəniz yolu ilə diri mal-qara ixracını bərpa etmək istəyir
Yeni Zelandiya hökuməti diri mal-qaranın dəniz yolu ilə ixracını bərpa etməyi və onların daşınması üçün qızıl standart yaratmağı planlaşdırır. Lakin Dəniz Birliyi (“MUNZ”) rəsmi olaraq buna qarşıdır.
Bu barədə “Seanews.az” “Splash”-a istinadən xəbər verir.
Xatırladaq ki, diri iribuynuzlu heyvanların ixracına dair rəsmi qadağa 2023-cü il aprelin 30-dan qüvvəyə minib. İxracın mərhələli şəkildə dayandırılmasına heyvanların müdafiəsi ilə bağlı qrupların etirazları səbəb olub. Heyvansevərlər mal-qara daşıyan gəmilərdə heyvanların saxlama şəraitinin yarıtmazlığından narazı qalıblar. Bundan əlavə, Yeni Zelandiyadan mal-qaranın daşınması zamanı heyət üzvlərinin və heyvanların ölümü ilə nəticələnən bir neçə qəza baş verib. Ölkə hökuməti 2019-cu ildə tam qadağaya keçmək qərarına gəlib.
2020-ci ildə “Gulf Livestock 1” mal-qara daşıyıcısı “Maysak” qasırğasına tuş gəlib, nəhəng dalğalar mühərriki sıradan çıxan gəmini batırıb: 42 heyət üzvü və təxminən 6 min heyvan ölüb.
Gəmi Yeni Zelandiyanın Napier şəhərindən Çinin Tanşan limanına gedirmiş.
24 aprel 2023-cü ildə göyərtəsində 6,3 min baş diri mal-qara olan Yeni Zelandiya gəmisi ölkəni tərk edib. Bu, ölkədən dənizlə mal-qara ixracı ilə bağlı son səfər olub.