Cebel Ali limanında təxminən 960 min vahid avtomobil aşırılıb
Logistika və xidmət təminatçısı “DP World” 2024-cü ildə BƏƏ-nin Dubay şəhərindəki terminallarında 1,3 milyon vahid ixrac və idxal avtomobilini aşırıb ki, bu da 2023-cü ildən 53,6% çoxdur və şirkət üçün rekord nəticədir.
“Seanews.az” xəbər verir ki, bu barədə “DP World”-ün mətbuat xidməti məlumat yayıb.
“DP World”-ün əsas limanı və Ro-Ro yükləri üçün iri regional yükaşırma qovşağı olan Cebel Ali limanında daha çox - təxminən 960 min vahid nəqliyyat vasitəsi işlənib. Qalanları Dubayın Mina Əl Hamriya və Mina Rəşid limanlarında aşırılıb.
Elektrikli avtomobil satışlarının 2036-cı ilə qədər daxiliyanma mühərrikli avtomobillərin sayını üstələməsi proqnozlaşdırılır. Çin isə hazırda dünya elektrik avtomobillərinin 50%-dən çoxunu istehsal edir.
Qeyd edək ki, “DP World” (Dubay, BƏƏ) dəniz terminallarının beynəlxalq operatoru, logistika və digər xidmətlərin təminatçısıdır və altı qitədə 45-dən çox limanda 150-dən çox dəniz terminalı şəbəkəsini idarə edir. Konteynerlərin aşırılması üzrə ixtisaslaşan biznes ona gəlirinin 50%-dən çoxunu təmin edir.