ABŞ-nin gəmiləri Panama kanalından pulsuz keçə biləcək
ABŞ və Panama tezliklə Amerikanın hərbi və dəstək gəmilərinin Panama kanalından prioritet və pulsuz keçidi haqqında çərçivə sazişi imzalayacaqlar.
“Seanews.az” “RBK”-ya istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset Panama ictimai təhlükəsizlik naziri Frenk Abreqo ilə birgə mətbuat konfransında deyib.
"Birləşmiş Ştatlar və Panama yenicə əməkdaşlıq üzrə təhlükəsizlik fəaliyyətləri haqqında anlaşma memorandumu imzaladılar və bu mətbuat konfransından qısa müddət sonra Kanalın İşlər Naziri ilə Panama Kanalının təhlükəsizliyi və istismarı ilə bağlı birgə bəyannamə imzalayacaqlar. Bu, ABŞ-ın hərbi və yardımçı gəmilərinin Panama kanalından prioritet və sərbəst keçidi üçün çərçivə sazişidir".
Xatırladaq ki, 2025-ci ilin fevralında ABŞ Dövlət Departamenti Birləşmiş Ştatlar hökumətinə məxsus hərbi və mülki gəmilərin Panama kanalından artıq pulsuz keçə biləcəyini açıqlamışdı. Lakin Panama Kanalı Administrasiyası daşıma tariflərində heç bir dəyişiklik etmədiyini bildirərək xəbəri təkzib etmişdi.