2025-ci ilin birinci rübündə Los-Anceles limanında 2,5 milyon TEU işlənib
2025-ci ilin birinci rübündə ABŞ-ın Los-Anceles limanının konteyner dövriyyəsi 2,5 milyon TEU təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.
“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Mart ayında Los-Anceles limanındakı konteyner terminallarında 778 406 TEU (+4,7%) aşırılıb. 385,531 TEU (+1,6%) idxal üçün yüklənmiş konteynerlər, 122,975 TEU (-15%) ixrac konteynerləri və 269 900 boş konteyner (+23%) olub.
İcraçı direktor Gene Serokun sözlərinə görə, ilin ikinci yarısında Los-Anceles limanının yükaşırma həcminin azı 10 faiz azalacağını ehtimal edir. Bu, ABŞ və digər ölkələr arasında tarif siyasəti və gömrük rüsumları sahəsində davam edən qarşıdurma ilə bağlıdır.
Qeyd edək ki, San Pedro körfəzində yerləşən Los Anceles limanı ABŞ-ın iri dəniz limanlarındandır. 3,5 min hektar sahədə yerləşən limanın toplu, dənəvər, maye və qarışıq yüklərin, konteynerlərin və nəqliyyat vasitələrinin aşırılması üçün 27 terminalı var.