Husilərin hücumları nəticəsində Qırmızı dənizdə daşımalar əhəmiyyətli dərəcədə azalıb
Qırmızı dəniz və Bab əl-Məndəb boğazında son 18 ayda husilərin ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlar bölgədə gəmiçilik fəaliyyətinə ciddi təsir göstərib.
"Seanews.az" "Middle East Eye" portalına istinadən xəbər verir ki, 2023-cü ilin sonlarından bu günədək husilər tərəfindən 100-dən artıq hücum qeydə alınıb. Nəticədə iki ticarət gəmisi batırılıb, bir gəmi ələ keçirilib, dörd dənizçi isə həlak olub.
Husilərin hücumları nəticəsində Qırmızı dəniz üzərindən keçən gəmi axını əhəmiyyətli dərəcədə azalıb. Xüsusilə 2023-cü ilin dekabrı ilə 2024-cü ilin fevralı arasında konteyner daşımalarında 90%-lik azalma müşahidə olunub. Bu səbəbdən 65 ölkənin 29 enerji və gəmiçilik şirkəti öz marşrutlarını dəyişərək Afrika ətrafından keçməyə üstünlük verib. Bu alternativ marşrut həm xərcləri artırıb, həm də çatdırılma müddətlərini uzadıb.
"Maersk", "Hapag-Lloyd" və "COSCO" kimi şirkətlər Qırmızı dənizdən keçən daimi marşrutlarını təhlükəsizlik məqsədilə dayandırıb. Bu qərarların nəticəsində qlobal tədarük zəncirlərində gecikmələr yaranıb və logistika xərcləri artıb.
Husilərə cavab olaraq, ABŞ və Birləşmiş Krallıq bir sıra hərbi hava zərbələri həyata keçirib. 2025-ci ilin may ayında ABŞ prezidenti Donald Tramp husilərlə atəşkəs razılaşması əldə olunduğunu bəyan etsə də, bu, hələlik bölgədə sabitlik yaratmayıb.