

Panama Kanalının inkişafına 8,5 milyard dollardan çox investisiya ayrılacaq
Panama Kanalı Administrasiyası növbəti on il ərzində kanalın inkişafı üçün 8,5 milyard dollardan çox vəsait yatırmağı planlaşdırır. Bu barədə kanalın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Panama Prezidenti Xose Raul Mulino Kanalın Direktorlar Şurası və rəhbərliyi ilə görüş keçirib. Bu, 14 avqust 2024-cü ildən sonra keçirilən ikinci belə görüşdür.
İnvestisiya planlarına aşağıdakılar daxildir:
-enerji dəhlizinin (qaz kəmərinin) inşası;
-Sakit və Atlantik okean sahillərində liman terminallarının genişləndirilməsi;
-quru logistika dəhlizinin yaradılması;
-Rio-Indio çayı ərazisində süni gölün salınması.
Xüsusilə göl layihəsi yalnız kanalın etibarlılığını artırmaqla kifayətlənməyəcək, həm də ölkə əhalisinin 50 faizindən çoxunu və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin edəcək.
Görüşdə həmçinin kanalın hər iki sahilində limanların və logistika infrastrukturunun inkişafı, eləcə də enerji daşıyıcılarının daşınması üçün quru dəhlizlərin yaradılması məsələləri müzakirə olunub. Bu strategiya Panamanın beynəlxalq logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsinə yönəlib.
Bundan əlavə, kanaldan istifadə zamanı su sərfiyyatını artırmadan buraxılış qabiliyyətini yüksəltmək məqsədilə yeni texnoloji və istismar həlləri hazırlanır və tətbiq olunur.
Seanews.az