Süveyş kanalından əldə olunan gəlirlər 45 faiz azalıb
Son maliyyə ilində (1 iyul 2024 – 30 iyun 2025) Süveyş kanalından gəmilərin keçidindən əldə olunan gəlir 45,5 faiz azalaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu barədə Rusiyanın Misirdəki Ticarət Nümayəndəliyi, Misir Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verib.
Müqayisə üçün, əvvəlki maliyyə ilində bu göstərici 6,6 milyard dollar olmuşdu.
Tranzit gəmilərlə daşınan yüklərin həcmi 55,1 faiz azalaraq 483 milyon tona düşüb. Ümumilikdə 12,4 min ticarət gəmisi Aralıq dənizi ilə Qırmızı dəniz arasında keçid edib ki, bu da ötən illə müqayisədə 38,5 faiz azdır.
Bununla belə, 2024/2025-ci maliyyə ilinin ikinci yarısında (1 yanvar – 30 iyun 2025) gəlirlərin azalması nisbətən zəif olub — cəmi 1,4 faiz (1,80 milyard dollar, əvvəl 1,83 milyard dollar).
Mütəxəssislər gəlirlərin azalmasını 2023-cü ilin dekabrında bölgədə başlayan böhranla — husilərin ticarət gəmilərinə hücumları ilə əlaqələndirirlər. Misir Prezidenti Əbdülfəttah əs-Sisi daha əvvəl bəyan etmişdi ki, ölkə bu vəziyyət nəticəsində ayda təxminən 800 milyon dollar itirir.

