Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-19,
Seanews
Heyder Eliyev

Konteyner gəmi sifarişlərinin 98 faizi Çin, Koreya və Yaponiyanın gəmiqayırma zavodlarında icra olunur

Qlobal konteyner donanması üçün yeni gəmi sifarişlərinin rekord səviyyəyə çatdığı bir dövrdə bu bazara əsasən Çin, Cənubi Koreya və Yaponiya gəmiqayırma zavodları nəzarət edir. Analitik şirkət “Alphaliner”in məlumatına görə hazırda sifarişdə olan bütün konteyner gəmilərinin 98,5 faizi məhz bu üç ölkədə tikilir.

Məlumata əsasən Çin bu bazarda açıq üstünlüyə malikdir – ölkə zavodlarında ümumilikdə 7,36 milyon TEU tutumlu gəmilər inşa olunur ki, bu da ümumi sifariş portfelinin 73,7 faizinə bərabərdir. Cənubi Koreya zavodları 2,04 milyon TEU ilə 20,4 faiz, Yaponiya isə 430 min TEU ilə 4,3 faiz paya sahibdir. Çin, Koreya və Yaponiya istisna olmaqla dünyanın digər ölkələrində hazırda cəmi 29 konteyner gəmisi tikilir.

“Alphaliner”in həftəlik icmalında qeyd olunur ki, Çinin gəmiqayırma sahəsində yüksəlişi son illərdə xüsusilə nəzərə çarpır. Hazırda istismarda olan konteyner donanmasının 50,1 faizi Koreyada, 29,4 faizi Çində, 9,9 faizi Yaponiyada, 10,7 faizi isə digər ölkələrdə inşa olunub. Bu fərq son illərdə Çinin bazardakı payının sürətlə artdığını göstərir.

ABŞ rəsmiləri artıq Çin gəmiqayırma sənayesinin qlobal üstünlüyü ilə bağlı narahatlığını ifadə edib. Vaşinqton 14 oktyabrdan etibarən ABŞ limanlarına daxil olan Çin istehsalı gəmilər üçün əlavə rüsumların tətbiqinə başlayıb.

Şərqi Asiyadan kənarda isə konteyner gəmi inşası demək olar ki, dayanıb. Mövcud 29 sifarişin 16-sı Tayvanda, dördü Türkiyədə, üçü isə ABŞ-da icra olunur. Türkiyədə sifariş verilmiş iki 4 012 TEU-luq gəmi eyni şirkətə məxsus zavodda inşa edilir. ABŞ-dakı sifarişlər isə “Jones Aktı” tələblərinə əsasən daxili marşrutlarda (Havay, Alyaska və Puerto Riko xətləri) istismar üçün nəzərdə tutulub.

Mütəxəssislər qeyd edirlər ki, bu vəziyyət konteyner gəmiqayırmasında “böyük üçlüyün” – Çin, Koreya və Yaponiyanın tam hegemonluğunu nümayiş etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır