Süveyş kanalında tranzit həcmi iki ildən sonra artıb
Yaxın Şərqdəki böhranın başlanmasından bəri Süveyş kanalında ilk dəfə yükdaşımalarda əhəmiyyətli artım qeydə alınıb. Oktyabr ayı son iki ilin ən uğurlu dövrü olub.
"Seanews.az" xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsi (SCA) məlumat yayıb.
İdarənin rəhbəri Osama Rabiə 20 iri gəmiçilik şirkətinin nümayəndələri ilə görüşdə Qırmızı dənizdə təhlükəsizlik vəziyyəti və üzmə planlarını müzakirə edib.
O bildirib ki, iyul–oktyabr aylarında kanaldan keçən tonnaj ötən illə müqayisədə 10 faiz artıb, gəmilərin sayı isə 2 faiz çoxalıb. Dörd ayda 4400 gəmi kanaldan keçib. Onlardan 229-u oktyabr ayının payına düşüb.
SCA-nın məlumatına görə “CMA CGM” artıq iki böyük konteyner gəmisini Süveyş kanalından keçirib və keçidlərin sayını artırmağı planlaşdırır. “Hapag-Lloyd”, “MSC”, “Evergreen” və “COSCO” da vəziyyəti izləyir və sabitlik bərpa olunduqdan sonra marşrutlarını kanala qaytarmağı nəzərdən keçirir.
“Inchcape Shipping Agency” şirkətinin nümayəndəsi Abdel Aziz Nabil bildirib ki, yüksək sığorta xərcləri hələ də əsas maneə olaraq qalır.

